Üzləşmə aktı

Üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "Üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr "Üzləşmə aktı" formasında ümumi qaydada sənədlərdə zəruri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər.

Üzləşmə aktı forması və onun hazırlanma qaydaları müəssisənin "Uçot siyasətində" qeyd edilə bilər.

Üzləşmə aktlarının hazırlanması ilə adətən mühasibatlıq bölməsinin mütəxəssisləri məşğul olur. "Üzləşmə akt"-ı 2 nüsxədə hazırlanır, müəssisələrin baş mühasibləri və rəhbərləri tərəfindən imzalanır və möhürləri ilə təsdiqlənirlər. Aktın bir nüsxəsi müəssisədə qalır, digər nüsxə isə debitorda(kreditorda). Üzləşmə aktında hər iki müəssisənin məlumatları eyni olmalıdır, əks halda aktda kənarlaşmalar barədə məlumat qeyd edilməlidir.

Üzləşmə aktının dəqiq olması üçün, bu sənəd, ya sonuncu köçürmə aparılandan sonra və ya sonuncu mal göndərişindən sonra hazırlana bilər. Bundan başqa, müəssisələr arasında üzləşməni illik mal və əmlakın inventarizasiyası zamanı aparmaq daha məqsədəuyğundur. Adətən bu cür yoxlamalardan sonra müəssisələr arasında qarşılıqlı (debitor və ya kreditor) borclar müəyyən edilir. Əgər belə bir hal baş veribsə, o zaman, debitora və ya kreditora üzləşmə aktı hazırlanmalı və göndərilməlidir.

Müəssisə iki nüsxədə üzləşmə aktını hazırlayandan sonra imzalanmış və möhürlənmiş hər iki nüsxəni qarşı tərəfə göndərir. Qarşı tərəfin mütəxəssisləri aktı yoxlayır və onlarda olan rəqəmlər ilə üzləşdirirlər. Əgər aktda olan məlumatlar ilə qarşı tərəfdə olan məlumatlar eynidirsə, o zaman, qarşı tərəf aktları imzalayır, möhürləyir, və bir nüsxəsini müəssisəyə qeri qaytarır, birisini isə özlərində saxlayırlar.

Əgər müəssisə hazırladığı üzləşmə aktındakı məlumatlar ilə qarşı tərəfin məlumatları arasında fərq varsa, o zaman, sənədin sonunda mütləq bu barədə qeyd olmalıdır.

"Üzləşmə akt"-ının vaxtında imzalanmasına nəzarət etmək üçün, aktda sənədin müəssisəyə hansı tarixədək qaytarılması tarixini qeyd etmək lazımdır. Aktda borc məbləğinin qaytarılması vaxtının da qeyd edilməsi vacibdir. Ödənişin aparılması barədə qeyd müqavilədə də qeyd edilməlidir. Əks halda, məhkəmə (iddia verilərsə) bu müddətlərin pozulmasını nəzərə almaya bilər.

Üzləşmə aktı, iddia müddətinin (3 il) axımının dayandırılmasına əsas ola bilər. Əgər borclu üzləşmə aktını bu dövr ərzində imzalayırsa, o borcu gəbul edir, və onu ödəməyə borcludur. Belə olduqda, iddia müddəti üzləşmə aktı tarixindən başlayacaqdır.

Adətən üzləşmə aktları hər-hansı müqavilə və ya hesab-fakturalar üzrə hazırlanırlar. Bundan başqa, bütün əməliyyatlar üzrə də müəyyən dövr üçün üzləşmə aktı hazırlana bilər.

Üzləşmə aktının başlığında üzləşmənin aparıldığı dövr və müqavilə(və ya müqavilələr), tərəflərin adları qeyd edilməlidir. Sənədin ikinci hissəsindəki cədvəli tərəflər onlarda olan mühasibatlıq məlumatları (hesablamalar, ödənişlər, kredit notlar və s.) əsasında doldururlar. Məlumatlar tam eyni olmalıdır. Cədvəlin sonunda hər iki tərəf borc barədə məlumatı daxil edir. Bu məlumatlar da eyni olmalıdır. Əgər borc yoxdursa, bu barədə yazılı qeyd aparmaq lazımdır. Sonunda sənəd hər iki müəssisənin baş mühasibləri və rəhbərləri tərəfindən imzalanmalı (imzanın açıqlaması və vəzifə göstərilməklə) və möhürlənməlidir. Kargüzarlığın bütün qaydalarına görə hazırlanan üzləşmə aktı müəssisələrin rəhbərlərinin imzaları olduqda artıq hüquqi qüvvəyə malik olur.

Üzləşmə aktının hazırlanması qanunvericiliyə görə məcburi deyil. Lakin, buna baxmayaraq, bu sənəd növü demək olar ki, bütün müəssisələrdə istifadə edilir.

Üzləşmə aktlarının müəsssənin arxivində saxlama müddəti 5 ildir.

Üzləşmə aktının formasını buradan yükləyə bilərsiniz.

Üzləşmə aktı MS Excel

Üzləşmə aktı (müqavilə üzrə) MS Word

Yazı sonuncu dəfə 2019-02-21 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!