NKA-nın qeydiyyatı

Əhali ilə nağd pul hesablaşmaları aparıldıqda (Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən şəxslər istisna olmaqla), vergi ödəyicisi bilavasitə və ya İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) "Onlayn kargüzarlıq və e-VHF" bölməsini seçərək öz istifadəçi kodu, parol və şifrəsi və ya gücləndirilmiş elektron imza, o cümlədən ASAN imza vasitəsi ilə sistemə daxil olub "Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması" menyusu vasitəsilə "Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə" ilə elektron sənəd formasında vergi orqanına müraciət etməlidir (onlayn rejimdə müraciət barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə TƏLİMATIndan (https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg) əldə edə bilərsiniz). Ərizəyə aşağıdakı sənədlər əlavə edilir (müraciət elektron formada edildikdə PDF fayl şəklində):

  • Nəzarət-kassa aparatının texniki pasportu;
  • Servis texniki xidmət mərkəzinin nəzarət-kassa aparatının quraşdırılması barədə aktı;
  • Ərizənin təqdim olunma tarixinə nəzarət-kassa aparatının fiksal yaddaşının göstəricisini əks etdirən çek;
  • Mövcud qanunvericilikdə pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində onların quraşdırılması barədə sənəd;
  • Elektron məsafədən ötürmə qurğuları və ya elektron nəzarət lenti quraşdırılmalı nəzarət-kassa aparatları üzrə servis taxniki xidmət mərkəzinin elektron məsafədən ötürmə qurğusunun və ya elektron nəzarət lentinin quraşdırılması barədə aktı. Həmin akta istifadədə olan nəzarət-kassa aparatının fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə nəzarət-kassa aparatına mədaxil edilmiş dövriyyə barədə "Z" hesabatının surəti əlavə olunmalıdır;
  • Nəzarət-kassa aparatının texniki kitabı və nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı.

Elektron formada ərizə eyni zamanda müqavilə əsasında vəkil olunmuş Servis Texniki Xidmət Mərkəzi (STXM) adından da göndərilə bilər və bu zaman PDF fayl şəklində müqavilə də əlavə edilməlidir. Müqavilə çərçivəsində STXM vergi ödəyicisini NKA-ya texniki xidmət kitabı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin edir.

NKA-lar qeydiyyatdan keçirildikdən sonra hazırlanmış qeydiyyat vərəqəsi isə yalnız vergi ödəyicisi müraciət etdikdə 2 iş günü ərzində kağız daşıyıcılarında vergi ödəyicisinə təqdim edilir, digər hallarda isə NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı vasitəsilə vergi ödəyicisinin e-qutusuna ötürülür.

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  1. vergi ödəyicisinin adı;
  2. VÖEN-i;
  3. çekin vurulmasının tarixi və saatı;
  4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  9. malın sürətli məlumat kodu (Quick Response Code).


Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!