Müqavilələr

Müqavilələr (kontraktlar) - müəssisələr arasında mülki-hüquq münasibətlərini tənzimləyən əsas hüquqi sənədlərdir.

Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilədə tərəflərin hüquq və vəzifələri, əqdin növü, qiymət, keyfiyyət, zəmanət şərtləri, qablaşdırma, çatdırılma vaxtı və şərtləri, daşıma və s. məlumat əks olunur.

Müqavilələrin tərtib edilməsi zamanı mətnin hüquqi cəhətdən düzgünlüyünə, tərəflərin hüquqi ünvanlarının düzgün qeyd edilməsinə diqqət yetirmək lazımdır. Müqavilədə tərəflər arasında olan münasibətlər detallı və aydın göstərilməli, ikimənalı cümlələr olmamalıdır.

Müqavilənin rekvizitlərinə aşağıdakı daxildir:

  • sənədin növünün adı və başlığı (alqı-satqı müqaviləsi, lizinq müqaviləsi və s.);
  • sənədin tarixi;
  • sənədin bağlandığı yer;
  • sənədin qeydiyyat nömrəsi;
  • tərəflərin adları;
  • sənədin mətni. Müqavilənin mətninə adətən daxil olur: çatdırılma vaxtı və şərtləri, qablaşdırma, markalanma, saxlanma, reklam, satış, ödəniş şərtləri və forması, hesablaşma qaydaları, malların(işlərin, xidmətlərin) təhvil-təslim qaydaları, tərəflərin məsuliyyəti, cərimə sanksiyaları, zəmanət, sığorta, fors-major hadisələr, mülkiyyət hüququnun və risklərin keçməsi, mübahisələrin həlli yolları, müqavilənin müddəti və s.
  • tərəflərin tam hüquqi ünvanları;
  • vəzifəli şəxslərin imzaları - vəzifələr, şəxslərin adları və soyadları və imza tarixləri göstərilməklə.
  • tərəflərin möhürləri.

Müqavilələrin müddəti qurtardıqdan sonra, onlar müəssisənin arxivində 5 il müddətində saxlanılmalıdır. Xarici tərəfdaşlar ilə müqavilələr, həmin ölkələrdəki iddia müddətləri nəzərə alınaraq, 10 il müddətindən az olmayaraq saxlanılmalıdır.

Yazı sonuncu dəfə 2018-12-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!