İşə qəbulun sənədləşdirilməsi

İşçilərin işə gəbulu onların yazdığı ərizələr əsasında aparılır. Ərizədə işçi aşağıdakı məlumatları qeyd edə bilər:

  • işə başlama tarixini;
  • vəzifəni.

Qanunvericilikdə ərizənin müəyyən edilmiş forması olmadığı üçün, o, sərbəst formada tərtib edilir. Lakin, ərizədə mütləq olan rekvizitlərin olması vacibdir.

Ərizə bu formada hazırlana bilər:

Ərizə formasını yükləmək

Ərizə veriləndən sonra işçi ilə "Əmək müqavilə"-si bağlanılır. AR Əmək Məcəlləsinə əsasən "Əmək müqavilə"-si yazılı formada 2 nüsxədən az olmamaqla tərtib edilir və tərərəflərin imzaları (möhürü) ilə təsdiq olunur. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə qalır.

Əmək müqaviləsi bağlandıqdan sonra ərizənin əsasında müəssisənin kadrlar şöbəsi işçinin işə gəbul olunması "Əmr"-ini tərtib edirlər və işçiyə "Şəxsi vərəqə" açılır. Qeyd etmək lazımdır ki, "İşə gəbul Əmri" "Əmək müqaviləsi" bağlandıqdan sonra verilməlidir.

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər aşağıdakılardır:

  1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.
  2. Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.
  3. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
  4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
  5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı Nazirlər Kabinetinin 03.01.2000-ci il tarixli və 01 saylı qərarı ilə təsdiq edilib. Qərara baxmaq.
  6. Əmək münasibətlərinə girən işçidən AR Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Misal

Müəssisə telekommunikasiya sahəsində fəaliyyət göstərir. Kadrlar şöbəsinə 2 işçinin "Ərizə"-si daxil olub. Bir işçi telekommunikasiya qüllələrinin quraşdırılması, digəri isə mühasibatlıq şöbəsinə işə düzəlmək istəyirlər. Telekommunikasiya qurğularının quraşdırılması ilə bağlı olan işçi ilk dəfə işə gəbul olunur, mühasib isə ilk dəfə deyil. Onlar aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Telekommunikasiya qüllələrinin quraşdırılması ilə bağlı işçi

  1. İşə gəbul Ərizəsi
  2. Şəxsiyyət vəsiqəsi
  3. Təhsili barədə müvafiq sənəd.
  4. Yüksəklikdə və hündürə qalxmaqla yerinə yetirilən işlər olduğu üçün işçi sağlamlığı haqqında tibbi arayış

2. Mühasibatlıq şöbəsinə daxil olmaq istəyən işçi

  1. İşə gəbul Ərizəsi
  2. Əmək Kitabçası
  3. Dövlət Sosial Sığorta Şəhadətnaməsi
  4. Şəxsiyyət vəsiqəsi
  5. Təhsili barədə müvafiq sənəd.

İşçi ilə yazılı formada əmək müqaviləsi bağlandıqdan sonra və bu müqavilə elektron informasiya sistemində ("Elektron hökumət" portalı - https://www.e-gov.az) qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır.

Bundan başqa, işçi ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.

Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

Siyahısı AR Prezidentinin 08.07.2014-ci il tarixli 206 nömrəli fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmənin məsuliyyəti

AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

DİQQƏT!

AR Vergi Məcəlləsinin 58.10-cu maddəsində müəyyən olunmuş maliyyə sanksiyası 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir.

Onu da qeyd etmək lazımdır ki, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsinə əsasən:

- fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsi AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda, inzibati cərimə tətbiq edilir.

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən 10 nəfər və ondan çox fiziki şəxsi işə cəlb edərsə, AR Cinayət Məcəlləsinin 162-1 maddəsinə əsasən

162-1 "Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi"

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —

7 000 manatdan 10 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

162-1.2. Eyni əməllər təkrar törədildikdə —

3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 162-1.1-ci maddəsində "xeyli sayda" dedikdə, 10 nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

2. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

3. Şəxs bu "Qeyd"in 2-ci bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız 1 dəfə azad edilir.



Normativ-hüquqi aktlar:

Yazı sonuncu dəfə 2019-07-25 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!