İstehsalat təqvimi - 2024

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.                  

2024-ci ilin istehsalat təqvimi - Ətraflı (Rəngli printerdə çap etmək üçün - Horizontal)

2024-ci ilin istehsalat təqvimi - Ətraflı (Ağ-qara printerdə çap etmək üçün - Horizontal)

2024-ci ilin istehsalat təqvimi - Ətraflı (Rəngli printerdə çap etmək üçün - Vertikal)

2024-ci ilin istehsalat təqvimi - Ətraflı (Ağ-qara printerdə çap etmək üçün - Vertikal)

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

KOLLEGIYASININ QƏRARI

"9" "dekabr" 2023-cu il

N 448

2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminin

təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 96-cı maddələrinə əsasən tam iş vaxtı normasının müəyyən edilməsi və iş vaxtının cəmlənmiş uçotunun və digər iş rejimlərinin tətbiqində istifadə məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası

qərara alır:

  1.  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü və 5-ci hissələrinin, eləcə də iş və istirahət vaxtı ilə bağlı digər maddələrinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli və “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447 nömrəli qərarlarını nəzərə alaraq “2024-cü il üçün iş vaxtının norması” və “2024-cü ilin istehsalat təqvimi” təsdiq edilsin (əlavə olunur).
  2.  İctimaiyyətlə əlaqələr şöbəsinə (F.Talıbova) tapşırılsın ki, qərar qəbul edildiyi gündən “2024-cü il üçün iş vaxtının norması”nın və “2024-cü ilin istehsalat təqvimi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
  3.  Qərarın icrasına nəzarət nazir müavini A. Kərimova həvalə edilsin.

      Kollegiyanın sədri Sahil Babayev

      Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2023-cü il 9 dekabr tarixli 448 nömrəli qərarı ilə təsdiq edilmişdir.

      1 nömrəli əlavə

      Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli Qərarına əsasən 2024-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

      1-2 yanvar - Yeni il bayramı;
      20 yanvar- Ümumxalq hüzn günü;
      8 mart- Qadınlar günü;
      20, 21 , 22, 23, 24 mart - Novruz bayramı;
      10, 11 aprel- Ramazan bayramı;
      9 may- Faşizm üzərində qələbə günü;
      28 may- Respublika günü;
      15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü;
      26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
      16, 17 iyun- Qurban bayramı;
      8 noyabr - Zəfər Günü;
      9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
      31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.

      Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 448 nömrəli və “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2023-cü il 9 dekabr tarixli 447 nömrəli qərarlarına əsasən 2024-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3,4,5 yanvar, 25 və 26 mart, 18 və 19 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart və 18 iyun tarixləri istirahət günləridir və beşgünlük iş həftəsində 7 yanvar tarixi iş günüdür.

      2024-cü ilin fevral ayı 29 təqvim günündən, il isə 366 təqvim günündən ibarətdir.

       Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

       Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2023-cü il 7 dekabr tarixli Sərəncamına əsasən 2024-cü ilin 7 fevral tarixi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri günü elan edilmişdir ki, həmin gün iş günü hesab edilmir.

      Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

      2024-cü ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2024-cü ilin 23 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

       Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

       2024-cü ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 9-u bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı və 1-i Azərbaycan Respublikası Prezidenti seçkiləri qabağı iş günləridir), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2023-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram (5-ü istirahət günləri ilə üst-üstə düşən), 1 Ümumxalq hüzn günü, 1 Azərbaycan Respublikası Prezidenti seçkiləri günü və 1 Bələdiyyə seçkiləri günü vardır (239+105+19+1+1+1= 366).

       Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

      2024-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

      Qanunvericiliyə uyğun olaraq 2024-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1901 saat təşkil edir (228x8 + 11x7 = 1901 saat).

      İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

      İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

      İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.

      Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

      2023-ci ilin istehsalat təqvimi

      2022-ci ilin istehsalat təqvimi

      2021-ci ilin istehsalat təqvimi

      2020-ci ilin istehsalat təqvimi

      2019-cu ilin istehsalat təqvimi

      2018-ci ilin istehsalat təqvimi

      2017-ci ilin istehsalat təqvimi

      2016-cı ilin istehsalat təqvimi

      2015-ci ilin istehsalat təqvimi

      2014-cü ilin istehsalat təqvimi

      2013-cü ilin istehsalat təqvimi

      2012-ci ilin istehsalat təqvimi

      2011-ci ilin istehsalat təqvimi

      Normativ-hüquqi aktlar:

      Yazı sonuncu dəfə 2023-12-26 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!