Kassa kitabıKassa kitabının forması qanunvericilikdə müəyyən edilməyib, bu səbəbdən ümumi qaydada hazırlanmalıdır. Ümumi qaydada dedikdə, kitabda bütün mütləq olan məlumatlar və rekvizitlər qeyd edilməlidir. Kassa kitabında müəssisənin kassasına mədaxil olmuş və məxaric edilmiş məbləğlər, və bu məbləğlərə aid mədaxil və məxaric orderlərinin rekvizitləri qeyd edilir. Kassa kitabındakı qeydlər baş mühasib və ya mühasib tərəfindən kassa sənədlərdəki məlumatlar ilə tutuşdurulmalıdır. Müəssisədə baş mühasib və ya mühasib yoxdursa, bunu müəssisə rəhbəri də edə bilər. Yoxlandıqdan sonra yoxlamanı aparan şəxs kassa kitabında imzası ilə yoxlamanın nəticəsini təsdiqləməlidir. Kassa kitabında yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Kassa kitabı həmçinin kompyuterlə və ya müasir hesablama texnikası vasitəsi ilə tərtib edilir. Adətən kassa kitabı bir hesabat ili üçün tərtib edilir. Kitabın bir səhifəsində gün ərzində nəğd pul vəsaitlərinin mədaxili və məxarici əməliyyatları əks olunur. Əllə tərtib olunan kassa kitabında bütün səhifələr nömrələnir və qaytanlanır, onun vərəqi iki hissədən ibarət olduğundan (ikinci hissə xəzinədarın hesabatı sayılır) hər iki hissə eyni nömrə ilə nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə müəssisənin baş mühasibi və müəssisə rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisi tərəfindən imzalanaraq möhürləndikdən sonra istifadə üçün xəzinədara verilir. Kassa kitabının vərəqləri diyircəkli və ya mürəkkəbli qələmlə doldurulur, vərəqin ikinci hissəsi kəsilərək xəzinədarın hesabatı kimi bütün təsdiqedici sənədlərlə birlikdə baş mühasibə təhvil verilir və kassa kitabının özü (vərəqin birinci hissəsi) kassada saxlanılır. Kassa kitabında qeydsiz düzəlişə yol verilmir. Qeydli düzəlişlər isə xəzinədar, baş mühasib və ya onu əvəz edən şəxslərin imzaları ilə müvafiq qaydada təsdiq edilir. Xəzinədar gün ərzində kassa mədaxil və məxaric orderləri üzrə məbləğləri kassa kitabında qeydiyyatdan keçirir, aparılan əməliyyatları yekunlaşdırır, növbəti günün əvvəlinə kassada qalan pulun qalığını çıxarır və hər gün üçün kassa hesabatını təşkilatın baş mühasibinə təhvil verir. Baş mühasibə təqdim olunmuş kassa hesabatı onun tərəfindən yoxlanılaraq qəbul edilir. Kassa mədaxil və məxaric sənədləri əsasında kassa əməliyyatlarının uçotu və kassa kitabının tərtibi kompüterlə və ya müasir hesablama texnikası ilə aparıla bilər. Kassa kitabı kompüterlə və ya müasir hesablama texnikası ilə tərtib edilirsə, onun səhifələri avtomatik olaraq hər ilin yanvar ayının 1-dən nömrələnir. Hər günün sonunda elektron kassa kitabının vərəqi iki nüsxədə çap edilir və xronoloji qaydada yığılır. Çap edilmiş vərəqlər ildə bir dəfədən az olmayaraq qaytanlanır. Kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına baş mühasib nəzarət etməlidir. Baş mühasib olmadıqda isə, müəssisə rəhbəri. Kassa kitabının hər səhifəsi 2 eyni hissədən ibarətdir. Onların arasında kəsmək üçün xətt var. Kassa kitabının ilk səhifəsini xəzinadar qələm ilə doldurur. Bu səhifə kassa kitabına tikilmiş qalır. İkinci (ayrılan) səhifəni kəsmə xətti ilə əyib sürətçıxaran kağız ilə doldurullar. Adətən bu səhifələri başqa kassa sənədləri (mədaxil və məxaric orderləri) ilə birgə ayrı qovluğa tikillər. Kassa kitabı elektron tərtib edilirsə, ikinci səhifəni çap etmək lazımdır. Beləliklə, müəssisə kassa kitabında nəinki baş ofisinin kassasına mədaxil və məxaric olan nəğd pulları, həm də müəssisənin başqa yerlərdə yerləşən bölmələrdə olan pul vəsaitlərinin kassadakı hərəkətlərini qeyd etməlidir. Kassa kitabının "Sənədlərin N-si" rekvizitində mədaxil və məxaric orderlərinin nömrəsi qeyd edilir. "Müxabirləşən hesabın nömrəsi" rekvizitində nəğd pulların mədaxil və məxaricini əks etdirən və 221 "Kassa" hesabı ilə müxabirləşən hesab qeyd edilir. Misal üçün, kassaya müştəridən nəğd pul daxil olubsa, burada 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" hesabı qeyd edilir. "Mədaxil" rekvizitində mədaxil kassa orderi əsasında mədaxil məbləği qeyd edilir. "Məxaric" rekvizitində məxaric kassa orderi əsasında məxaric məbləği qeyd edilir. "Gün ərzində cəmi" rekvizitində gün ərzində kassaya cəmi mədaxil və məxaric edilən məbləğ qeyd edilir. "Günün sonuna qalıq" rekvizitini aşağıdakı kimi doldururlar: Günün sonuna qalıq = Günün əvvəlinə qalıq + Gün ərzində mədaxil - Gün ərzində məxaric. Əgər gün ərzində kassa əməliyyatı baş verməmişdirsə günün sonuna qalıq günün əvvəlinə olan qalığa bərabər olacaqdır. Kassa kitabı elektron qaydada aparılırsa günün sonuna səhifə 2 nüsxədə çap edilməlidir. Kassa kitabı və onun kəsilmiş 2-ci səhifələri müəssisə arxivində 5 il müddətində saxlanılmalıdır. Kassa kitabı qanunvericilikdə müəyyən edilmiş qaydada aparılmalıdır. Belə ki, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-na əsasən əllə tərtib olunan mühasibat kitablarında səhifələr nömrələnir. Kitabın son səhifəsində səhifələrin yekun sayı göstərilməklə mühasibat uçotu subyektinin baş mühasibi və bu mühasibat uçotu subyektinin rəhbəri tərəfindən təyin edilmiş digər mühasibatlıq işçisinin imzası ilə təsdiq edilir və möhürlənir. Hər kitabda mühasibat uçotu subyektinin, mərkəzi mühasibatlığın adı və kitabın açıldığı tarix yazılır. Kitabda açılmış subhesabların adı olmalıdır. Müəyyən bir subhesab üzrə yazılışlar kitabın digər səhifəsinə köçürülərkən, həmin subhesab üzrə başlıqda, yeni səhifənin nömrəsi göstərilməklə yazılışın köçürülməsi haqqında qeyd edilir. Hesabat dövrü başa çatan zaman mühasibat uçotu kitablarında boş səhifələr növbəti hesabat dövrünün əməliyyatlarının yazılışları üçün istifadə oluna bilər. Mühasibat uçotunun registrlərində yazılışlar ilkin uçot sənədlərinə əsasən qələmlə və ya avtomatlaşdırılmış üsulla aparılır. Mühasibat uçotunun registrləri həmçinin kompyuterlə və ya müasir hesablama texnikası vasitəsi ilə tərtib edilir. Hər ayın sonunda analitik uçot registrlərində dövriyyənin yekunu hesablanılır və subhesablar üzrə qalıqlar çıxarılır. İlin əvvəlinə olan dövriyyə balansının məlumatları (qalıqları) hesabat dövründən əvvəlki dövrün sonuna təsdiq edilmiş yekun balansının məlumatlarına uyğun olmalıdır. Hesabat ilinin əvvəlinə dövriyyə balansının məlumatları dəyişilərsə onun səbəbləri aydınlaşdırılmalıdır.
Normativ-hüquqi aktlar:
Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları Yazı sonuncu dəfə 2020-01-06 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!