Valyuta hesabının bağlanması

Bank hesabı müqaviləsi müştərinin ərizəsi üzrə istənilən vaxt ləğv edilir. Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank hesabının bağlanması üçün əsasdır.

Bank hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:

  • müştərinin ərizəsi əsasında;
  • dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin icazəsi geri çağırıldıqda;
  • şəhadətnamə-dublikatın etibarsız hesab olunması barədə vergi orqanının məlumatı daxil olduqda.

AR Mülki Məcəlləsinə uyğun olaraq bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bank hesabı müqaviləsi bankın tələbi ilə məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:

  • müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;
  • bir il ərzində hesab üzrə əməliyyatlar aparılmadıqda;
  • ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.

Hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür.

Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir. Həmin hesabda saxlanılan pul vəsaitinin hüquqi rejimi AR Mülki və Mülki Prosessual Məcəllələri ilə tənzimlənir.

Vəfat etmiş şəxslərin əmanət hesabları üzrə vəsait qalığının hüquqi rejimi AR Mülki Məcəlləsi ilə tənzimlənir.

Bank hesabları bağlandıqda, hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər bankda saxlanılır, icra olunmamış icra sənədləri isə aidiyyəti üzrə geri qaytarılır.

Dövlət orqanının, bələdiyyənin, hüquqi şəxsin, onun filial və nümayəndəliyinin, həmkarlar ittifaqının ilk təşkilatının, ailə kəndli təsərrüfatının və fərdi sahibkarın bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına və Dövlət Sosial Müdafiə Fonduna elektron və ya kağız daşıyıcılarda göndərilir.

Yazı sonuncu dəfə 2018-10-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!