Hazır məhsulların satışının sənədləşdirilməsiHazır məhsulların anbara mədaxili İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar "Hazır məhsulların təhvil-qəbul aktı" (Forma N HMTQA-1) ilə anbarın məsul şəxsinə təhvil verilir. "Hazır məhsulların təhvil-qəbul aktı"nda məhsullar kəmiyyət ifadəsində əks olunur. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən "Zay məhsullara dair akt" (Forma N ZMDA-1) tərtib edilir. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar "Zay məhsulların təhvil-qəbul aktı" (Forma № ZMTQA-1) ilə anbarın məsul şəxsinə verilir. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması "İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt"la (Forma N İƏM-1) sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir. Onu da qeyd etmək lazımdır ki, istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi isə “Yeyinti məhsulları haqqında” AR Qanunu və Nazirlər Kabinetinin 6 dekabr 2017-ci il tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları” tələblərinə uyğun olaraq həyata keçirilir. Hazır məhsulların satışı Müəssisədə və ya fərdi sahibkar tərəfindən istehsal edilmiş hazır məhsullar anbardan alıcıların sifarişi əsasında AV Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura tərtib edilməklə sifarişçilərə göndərilir. Hazır məhsulun istehsalçısı ƏDV qeydiyyatında olduğu halda sifarişçiyə elektron qaimə-faktura təqdim edir. Vergi ödəyicisinə hazır məhsullar təhtəlhesab şəxs vasitəsilə göndərildikdə, təhtəlhesab şəxsdən Malların alınması üçün vəkalətnamə tələb edilir. Hazır məhsulların alışı zamanı təhtəlhesab şəxs tərəfindən satıcıya Malların alınması üçün vəkalətnamə təqdim edildikdən sonra satıcı (istehsalçı) Malların alınması üçün vəkalətnamə verən vergi ödəyicisinin adına sənədləşdirilmiş hazır məhsulların satışına dair elektron qaimə-fakturanı təhtəlhesab şəxsə təqdim edir. İstehsalçı istehsal etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışını həyata keçirdikdə, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi "Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası" (Forma N QF-5) ilə sənədləşdirilir. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hallar nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman "Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt" (Forma N FİƏM-1) tərtib olunur. Ehtiyatların uçotu ilə bağlı sənədlərinin müəssisədə saxlanılması müddətləri 5 ildir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-02-28 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!