Nağd pulların daxil olması və çıxarılması

Hesablaşma hesabından nağd pulun çıxarılması üçün bankdan çek kitabçası alınmalıdır.

Pul çeki - müəssisənin əmri ilə hesabdan çekdə göstərilən nağd pulun verilməsi haqda banka verilən xüsusi formalı tapşırıq sənədidir.

Çekdə aşağıdakı rekvizitlər göstərilməlidir:

  • sənədin mətninə daxil edilmiş "çek" adı;
  • müəyyən pul məbləğini ödəmək barədə sadə və heç nə ilə şərtləndirilməyən tapşırıq;
  • ödənişi icra etməli olan bankın adı;
  • ödəniş yeri;
  • çekin tərtib olunduğu tarix və yer;
  • çek verənin imzası.

Çek təqdim olunduqda ödənilməlidir. Hər cür başqa göstəriş etibarsız sayılır.

Tərtib edildiyi ölkədə ödənilməli olan çek bir ay müddətində ödənişə təqdim olunmalıdır. Verildiyi ölkədə deyil, başqa ölkədə ödənilməli olan çek, verilmə yeri ilə ödəniş yeri eyni qitədədirsə, iki ay müddətində, müxtəlif qitələrdədirsə, üç ay müddətində ödənişə təqdim edilməlidir. Həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan bir dövlətin ərazisində verilən və Müstəqil Dövlətlər Birliyinin üzvü olan digər dövlətin ərazisində ödənilməli olan çeklər eyni qitədə verilən və ödənilməli olan çeklər sayılır. Yuxarıda göstərilən müddətlərin axımı çekdə onun verilmə günü kimi göstərilən gündən başlanır.

Əgər çek onun verildiyi yerin təqvimindən fərqlənən başqa təqvimin qüvvədə olduğu yerdə ödənilməlidirsə, ödəniş yerinin təqviminə əsasən verilmə gününə uyğun tarix və bundan asılı olaraq ödəniş müddəti müəyyənləşdirilir.

Çekin doldurulması

Çek nağd pulu alan şəxs tərəfindən doldurulur və bütün rekvizitlər üzrə və hesabında çekdə göstərilən məbləğ miqdarında vəsaitin olub-olmamasını yoxlamaq üçün əməliyyatçıya təqdim olunur.

Kənarlaşma olduqda çek yenidən formalaşdırılması üçün müştəriyə qaytarılır.

Kənarlaşma olmadıqda əməliyyatçı tərəfindən sistemidə müvafiq qeydlər aparılır və imzalanaraq çekin nəzarət hissəsi müştəriyə qaytarılır, əsas hissəsi isə nəzarətçiyə təqdim edir.

Nəzarətçi çekin əsas hissəsini bütün rekvizitlər üzrə yoxlayır, kənarlaşma olduqda çekin əsas hissəsini müştəriyə qaytarır.

Kənarlaşma olmadıqda nəzarətçi çekin əsas hissəsinə imza etməklə kassirə təqdim edir.

Kassir çekdə göstərilmiş tarixi, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, bankda müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır

Kənarlaşma olduqda kassir çekin əsas hissəsini yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarır.

Kənarlaşma olmadıqda kassir müştəridən çekin nəzarət hissəsini və onun şəxsiyyətini təsdiq edən sənədini alır və çekdə göstərilən məlumatlarla tutuşdurur, pulu müştəriyə təqdim edir və çeki imzalayır.

Müştəri aldığı nağd pulu bankın binasında saymadıqda nağd pulun çatışmazlığı barədə onun iddiası təmin edilmir (bu barədə bankın kassasında müştərilər üçün görünən yerdə elan asılmalıdır). Lakin, bankın rəhbərliyi bu məsələlər barədə müvafiq tədbirlər görməlidir.



Yazı sonuncu dəfə 2018-10-18 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!