Xalis mənfəətin (zərərin) istifadəsi

Təşkilat sahibləri (təsisçiləri) hesabat ilindən sonrakı ilin əvvəliində xalis mənfəətin bölüşdürülməsi barədə qərar gəbul edirlər.

Xalis mənfəətin bölüşdürülməsi yalnız cəmiyyətin təsisçilərinin ümumi yığıncağının qərarı ilə baş verə bilər, və müəssisə rəhbərinin təkbaşına qərarı(əmri) ilə aparıla bilməz.

AR Mülki Məcəlləsi, Maddə: 90-1

Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi

90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər.

90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz:

90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə;

90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa.

Təşkilatın xalis mənfəəti təsisçilərin qərarına əsasən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

  • səhmdarlara (təsisçilərə) dividendlərin verilməsi;
  • keçmiş illərin zərərlərinin bağlanması,;
  • nizamnamə kapitalının artırılması;
  • ehtiyat kapitalının yaradılması və artırılması;
  • işçilərə mükafatların, maliyyə yardımının verilməsi;
  • kapital qoyuluşlarının maliyyələşdirilməsi;
  • sair məqsədlər.

Müəssisənin hesabat dövrü ərzində əldə edilmiş xalis mənfəəti (zərəri) barədə ümumiləşdirilmiş məlumatlar 341 №li "Hesabat dövründə xalis mənfəət (zərər)" hesabında əks etdirilir. Bu zaman hesabat dövrü ərzində xalis mənfəət əldə edildikdə 801 №li hesabın müvafiq subhesablarının debeti və 341 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Hesabat dövrü ərzində zərər əldə edildikdə 341 №li hesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Vergi uçotu

Xalis mənfəətin dividendlərin ödənilməsi üçün istifadə etdikdə nəzərə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10 maddələrinə əsasən AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Yazı sonuncu dəfə 2019-01-12 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!