Xidmətedici istehsalat və təsərrüfatların məsrəfləri

Xidmətedici istehsalat və təsərrüfatlar dedikdə müəssisənin yaradılmasının əsas məqsədi olan məhsul istehsalı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə birbaşa bağlı olmayan istehsalat və təsərrüfatlar başa düşülməlidir.

Bura əsasən müəssisənin balansında olan: mənzil-komunal təsərrüfatlarının (yaşayış evlərinin, yataqxanaların, camaşirxanaların, hamamların və s. istismarı üzrə), tikiş və başqa məişət-xidməti emalatxanalarının; yeməkxana və bufetlərin; məktəbəqədər uşaq müəssisələrinin (uşaq baxçalarının, körpələr evinin), istirahət evləri, sanatoriaya və digər sağlamlıq və mədəni-maarif təyinatlı müəssisələrin, elmi tədqiqat və konstruktor bölmələrinin məsrəfləri aiddir.

Bu məsrəflər köməkçi istehsalatdan fərqli olaraq əsas istehsalata silinmir. Onların hər birinin ötürülmə mənbələri vardır: məsələn yeməkxana və bufetlərdən əldə olunan gəlir, mənzil-kommunal təsərrüfatında mənzil kirayəçilərindən daxil olmalar, valideynlərdən və məqsədli istiqamətlərdən (uşaq müəssisələri) daxil olmalar və i.a. Bu müəssisələr həmin təşkilatda əsas istehsalatla bir başa əlaqəsi yoxdur, ancaq onlar işçilərin məişət ehtiyacına xidmət edir və müəssisədə istehsal prosesinin normal gedişini təmin edir.

Xidmətedici istehsalat və təsərrüfatların məsrəfləri haqqında məlumatları 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabında uçotu aparıla bilər. Bu hesab Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nda nəzərdə tutulmayıb. Lakin, ehtiyac yaranarsa, müəssisə bu hesabı öz qərarı əsasında aça bilər, və bu barədə öz uçot siyasətində qeydlər aparmalıdır.

202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabına aşağıdakı subhesablar açıla bilər:

  • 202-8.1 Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda istifadə olunmuş xammal və materiallar
  • 202-8.2 Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda məşğul olan işçi heyəti ilə bağlı məsrəflər
  • 202-8.3 Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları
  • 202-8.4 Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda istifadə edilən aktivlərinin amortizasiya məsrəfləri
  • 202-8.5 Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı sair məsrəflər

202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Birbaşa xərclər 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetinə, istehsal ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən silinir. Köməkçi istehsalatların xərcləri 202-6 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" hesabının kreditindən 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının debetinə silinir.

202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının kreditində istehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. Bu məbləğlər 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" hesabının kreditindən aşağıdakı hesabların debetinə silinir:

  • xidmətedici istehsalat və təsərrüfatlar tərəfindən buraxılmış material qiymətliləri və hazır məmulatları uçota alan hesabların;
  • xidmətedici istehsalat və təsərrüfatlar tərəfindən yerinə yetirilən iş və xidmətlərin istehlakçıların - bölmələrinin məsrəflərini uçota alan hesabların;
  • 601 "Satış" (xidmətedici istehsalat və təsərrüfatlar tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin kənar müəssisələrə satışı zamanı) hesabının;
  • 535 "İcarə üzrə qısamüddətli kreditor borcları" (kirayəşinlərdən, yaxud icarədarlardan onlara göstərilən xidmət üçün çatası məbləğlər) hesabının;
  • Məktəbəqədər uşaq müsssisələrinin saxlanmasına məsrəflərin örtülməsi mənbələrinin uçota olan hesabların;
  • Mənzil-kommunal təsərrüfatının istismarından olan zərər, 202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabından 801 "Ümumi mənfəət (zərər)", 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" hesabların debetinə silinə bilər. Mənzil-kommunal təsərrüfatının istismarından əldə edilən mənfəət 202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabından 801 "Ümumi mənfəət (zərər)" hesabının kreditinə silinir.

202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.

202.8 "Xidmətedici istehsalat və təsərrüfat məsrəfləri" hesabı üzrə analitik uçot hər bir xidmətedici istehsalat və təsərrüfat və onların xərc maddələri üzrə aparılmalıdır. Bu zaman mənzil-kommunal təsərrüfatına məsrəflərin (yaşayış evlərinin istismarı üzrə məsrəflər) analitik uçotunun təşkili istismar və məqsədli xərclər (su təchizatı, işıqlandırma, qaz, qızdırma və kanalizasiya xərcləri ) haqqında məlumatların əldə edilmə mümkünlüyünü təmin etməlidir.

Misal.

Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Camaşırxana ilə bağlı hesabat dövründə aşağıdakı məsrəflər yaranmışdır:

  • camaşırxananın əsas vəsaitləri ilə bağlı amortizasiya məsrəfləri - 2 500 AZN;
  • Elektrin enerjisi, su və s. kommunal məsrəflər - 1 770 AZN (ƏDV ilə);
  • camaşırxananın işçilərinin əmək haqqı məsrəfləri - 2 500 AZN;
  • sosial sığğorta ayırmaları 550 AZN;
  • camaşırxana ilə bağlı köməkçi istehsalatın (qazanxana) məsrəfləri - 160 AZN.

Qayalı MMC-nin mühasibi camaşırxananın məsrəfləri ilə bağlı aşağıdakı müxabirləşmələri aparacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Camaşırxananın əsas vəsaitlərinin amortizasiya məsrəfləri əks olunur 202-8.4 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda istifadə edilən aktivlərinin amortizasiya məsrəfləri" 112-1 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya" 2 500
2 Elektrin enerjisi, su və s. kommunal məsrəflər əks olunur 202-8.5 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı sair məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 1 770
3 Camaşırxananın işçilərinin əmək haqqı məsrəfləri əks olunur 202-8.2 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda məşğul olan işçi heyəti ilə bağlı məsrəflər" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 2 500
4 Camaşırxananın işçilərinin əmək haqqı məsrəflərinə hesablanan sosial sığorta ödənişləri əks olunur 202-8.3 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatda məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 550
5 Camaşırxana ilə bağlı köməkçi istehsalatın (qazanxana) məsrəfləri əks olunur 202-8.5 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı sair məsrəflər" 202-6 "Köməkçi istehsalat (iş və xidmət) məsrəfləri" 160

Xidmətedici istehsalat və təsərrüfat məsrəflərinin silinməsi

Xidmətedici istehsalat və təsərrüfatlar aşağıda qeyd edilən məqsədlər üçün işləyə bilərlər:

  • əsas və köməkçi istehsal ehtiyacları üçün;
  • müəssisənin qeyri-istehsal ehtiyacları üçün pulsuz və pullu əsaslarla (misal üçün, yataqxana, camaşirxana xidmətləri və s.);
  • kənar müəssisələr üçün.

Əsas və köməkçi istehsal ehtiyacları üçün xidmətlər

Bir çox hallarda, Xidmətedici istehsalatın məsrəflərinin əsas və köməkçi istehsalata aid edilməsini müəyyən etmək çətin olur. Bu səbəbdən də, bu məsrəflər müəssisənin uçot siyasətində qeyd edilən müvafiq göstəriciyə əsasən bölüşdürülür (misal üçün, işçilərə hesablanan əmək haqqı məsrəflərinə əsasən).

Misal.

Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Cari dövrdə əsas və köməkçi istehsalat məsrəfləri 75 500 AZN olmuşdur, o cümlədən:

  • əsas istehsalat məsrəfləri - 65 500 AZN;
  • köməkçi istehsalat məsrəfləri - 10 000 AZN.

Camaşırxanaın cari hesabat dövründə məsrəfləri 7 480 AZN təşkil etmişdir.

Müəssisənin uçot siyasətində xidmətedici istehsalatın məsrəfləri əsas və köməkçi istehsalata bu istehsalatların məsrəflərinə proporsional bölüşdürülür. Belə olduqda, camaşırxanaın məsrəfləri aşağıdakı kimi bölüşdürüləvcəkdir:

  • əsas istehsalata - 6 489 AZN(7 480 * 65 500/75 500);
  • köməkçi istehsalata - 991 AZN(7 480 * 10 000/75 500).

Qayalı MMC-nin mühasibi camaşırxananın məsrəfləri ilə bağlı aşağıdakı müxabirləşmələri aparacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Əsas istehsalata aid olan camaşırxananın məsrəfləri əks olunur 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" 6 489
2 Köməkçi istehsalata aid olan camaşırxananın məsrəfləri əks olunur 202-6.5 "Köməkçi istehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" 991

Müəssisənin qeyri-istehsal ehtiyacları üçün xidmətlər

Xidmətedici təsərrüfat müəssisənin qeyri-istehsal ehtiyacları üçün pulsuz xidmət göstərdikdə (misal üçün, idman kompleksi) onun məsrəfləri müəssisənin hesabat dövrünün zərərlərinə silinir.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İdman kompleksində müəssisənin işçilərinə göstərilən xidmətlərin məsrəfləri əks olunur 801 "Ümumi mənfəət (zərər)" 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" -

Kənar müəssisələr üçün xidmətlər

Xidmətedici təsərrüfat müəssisənin kənar müəssisələr üçün xidmətinin mühasibat uçotunda əks olunması üçün misala baxaq:

Misal.

Qayalı MMC-nin balansında camaşırxana fəaliyyət göstərir. Camaşırxanada əsas və köməkçi istehsalatda çalışan işçilərin iş paltarları təmizlənir və yuyulur. Eyni zamanda, camaşırxana kənar müəssisələrdən də sifarişlər gəbul edir.

Cari hesabat dövründə camaşırxananın kənar müəssisələrdən aldığı sifarişlərdən gəliri 1 770 AZN (ƏDV daxil) təşkil etmişdir. Kənar müəssisələrə göstərdikləri xidmətələrə görə camaşırxananın məsrəfləri 375 AZN təşkil etmişdir.

Qayalı MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri aparacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Kənar müəssisələrə göstərilən camaşırxana xidmətlərinə görə gəlir əks olunur 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 611-10 "Digər əməliyyat gəlirləri" 1 500
2 Kənar müəssisələrə göstərilən camaşırxana xidmətlərinə görə gəlir üzrə ƏDV əks olunur 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 521-3 "Vergi öhdəlikləri-ƏDV" 270
3 Kənar müəssisələrə göstərilən xidmətlərin məsrəfləri əks olunur 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" 201 "Material ehtiyatları" (533,522 ...) 375
4 Kənar müəssisələrə göstərilən xidmətlərin məsrəflərin silinməsi əks olunur 731-10 "Digər əməliyyat xərcləri" 202-8 "Xidmətedici istehsalat (iş və xidmət) və təsərrüfatla bağlı məsrəflər" 375
5 Kənar müəssisələrdən camaşırxana xidmətlərinə görə pul vəsaitləri daxil olmuşdur 223 "Bank hesablaşma hesabları" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 1 500
6 Kənar müəssisələrdən camaşırxana xidmətlərinə görə pul vəsaitləri daxil olmuşdur - ƏDV 226 "ƏDV depozit hesabı" 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" 270


Yazı sonuncu dəfə 2018-11-06 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!