TTA-ların təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilməsi

Torpaq, tikili və avadanlıqlar təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur. Əmlakın təhvil-təslimi Torpaq, tikili və avadanlıqların Təhvil-təslim Aktı ilə sənədləşdirilir.

Nizamnamə kapitalı kimi torpaq, tikili və avadanlıqların pay kimi qoyulması (səhmlərin buraxılması ilə torpaq, tikili və avadanlıqların əldə edilməsi) zamanı aşağıdakı mühasibat yazılışları verilir:

  • səhmlərin buraxılmasına 302 №li hesabın müvafiq subhesablarının debeti və 301 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • torpaq, tikili və avadanlıqların əldə edilməsinə 111, 113 №li hesabların müvafiq subhesablarının debeti və 302 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Nizamnamə kapitalının formalaşması 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 301 "Nominal (nizamnamə) kapital" 50 000
2 Nizamnamə kapitalında qeyd edilən əmlakın daxil olması. 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi" 50 000

Vergi uçotu

Torpaq, tikili və avadanlıqların təsisçilərdən pay qoyuluşu şəklində qəbul edilməsi təqdim etmə əməliyyatı hesab edilir. Lakin, AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad olunan əməliyyat hesab edilir.

Beləliklə, TTA-ların pay şəklində hər-hansı şirkətin nizamnamə kapitalına daxil olması ƏDV-dən azaddır.

Misal

Rabitə MMC İnterkonnekt MMC ilə birlikdə Rabitə-konnekt MMC müəssisəsini təsis edirlər. Rabitə MMC yeni təsis edilən müəssisənin nizamnamə kapitalına pay kimi balansında olan 1 500 000 manatlıq telekommunikasiya avadanlıqlarını qoymalıdır.

Yeni yaradılan müəssisənin nizamnamə kapitalına pay kimi avadanlığın qoyulması AR Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinə əsasən ƏDV-dən azaddır.



Yazı sonuncu dəfə 2020-01-25 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!