İstehsalın idarəetmə məsrəfləri

İstehsalın idarəetmə məsrəfləri - əsas, köməkçi və xidmətedici istehsalatların təşkili və idarə edilməsi üzrə, yəni istehsal-texniki heyətin – mühəndisin, texnikin, ustanın, briqadirin və s. əmək məsrəfləri və istehsalatın təşkili və rəhbərliyi ilə əlaqədar material məsrəfləridir. Bu məsrəflər dolayı məsrəflərdir, və müəssisənin uçot siyasətində müəyyən olunan vaxtda və qaydalar ilə əsas istehsalata istehsal edilən məhsulun maya dəyərinə bölüşdürülərək silinir

Bu məsrəflər hesablar planının 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" hesabında uçota alına bilər. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları-nda belə bir hesab nəzərdə tutulmayıb. Lakin, zərurət yarandıqda bu hesabın açılmasına və istifadəsinə heç bir qadağa yoxdur. Bu hesabın açılması müəssisənin uçot siyasətində əks olunmalıdır. Hesabat dövrünün sonuna bu hesabdakı məbləğlər istehsalat məsrəfləri hesabına silinir və onun saldosu olmur.

Bu hesabda ümum istehsal məqsədləri üçün maşın və avadanlıqların saxlanmasına və istismarına sərf edilən məsrəflər, ümum istehsal üçün istifadə edilən aktivlərin amortizasiyası, istehsal binalarının isidilməsinə və işıqlandırmasına çəkilən məsrəflər, sex rəhbərliyinin əmək haqqısı və s. məsrəflər uçota alınır.

Misal.

Qayalı MMC yuyucu maddələrin istehsalı ilə məşğuldur. Hesabat dövrü ərzində ümumistehsal məsrəfləri 3 780 AZN (ƏDV daxil) təşkil etmişdir, o cümlədən

  • elektrin enerjisi - 450 AZN;
  • ümumistehsal məqsədləri üçün istifadə edilən avadanlığın cari təmiri üçün ehtiyat hissələri - 150 AZN;
  • ümumistehsal məqsədləri üçün istifadə edilən əsas vəsaitlərin amortizasiyası - 99 AZN;
  • istehsalın rəhbər və xidmətçi işçilərin əmək haqqısı - 2 460 AZN;
  • istehsalın rəhbər və xidmətçi işçilərin əmək haqqısından sosial ödəmələr - 541 AZN.

Qayalı MMC-nin mühasibi aşağıdakı müxabirləşmələri etməlidir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Elektrik enerjisi məsrəfləri əks olunur 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 450
2 Ümumistehsal üçün nəzərdə tutulmuş avadanlığın cari təmiri zamanı istifadə edilmiş ehtiyat hissələrinin silinməsi 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 201 "Material ehtiyatları" 150
3 Ümumistehsal üçün istifadə edilən əsas vəsaitlərin amortizasiyası 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 112-1 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya" 99
4 İstehsalın rəhbər və xidmətçi işçilərin əmək haqqısının hesablanması 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 2 460
5 İstehsalın rəhbər və xidmətçi işçilərin əmək haqqısından sosial ödəmələrin hesablanması 202-6 "İstehsalatla (işlə və xidmətlə) bağlı ümumistehsal məsrəfləri" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 541


Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!