Qeyri-maddi aktivlərin hökumət subsidiyası hesabına (əvəzsiz) əldə edilməsi

Dövlət yardımı – müəyyən meyarlara cavab verən müəssisə və ya müəssisələr grupuna aid xüsusi iqtisadi səmərənin təmin edilməsinə yönəlmiş dövlət fəaliyyətidir.

Hökumət subsidiyaları – müəssisənin əməliyyat fəaliyyəti ilə əlaqədar müəyyən şərtlərin keçmişdə və ya gələcəkdə yerinə yetirilməsinə görə müəssisəyə resursların köçürülməsi formasında olan dövlət yardımıdır.

Hökumət müəssisənin aktivlərinə hava limanında enmə hüquqları, radio və televiziya stansiyalarının fəaliyyəti üçün lisenziyalar, ixrac lisenziyaları və ya digər məhdud resurslardan istifadə hüquqları kimi köçürmələr və ya ayırmalar edə bilər. Bu qeyri-maddi aktivlər hökumət subsidiyaları hesabına əvəzsiz və ya nominal ödənişlə alınmış hesab edilir.

Müəssisə qeyri-maddi aktivi və qrantı ilk olaraq ədalətli dəyərlə tanımaq seçiminə malikdir. Əgər müəssisə aktivi ilk olaraq ədalətli dəyərlə tanımazsa, bu halda müəssisə aktivi nominal dəyəri və aktivin nəzərdə tutulan istifadəyə hazır vəziyyətə gətirilməsi üçün çəkilən bilavasitə aidiyyəti xərclər məbləğində tanıyır.

Hökumət subsidiyaları hesabına əldə edilmiş qeyri-maddi aktivlər balans hesabatında təxirə salınmış gəlir kimi təqdim edilməlidirlər. Hökumət subsidiyalarının təxirə salınmış gəlir kimi təqdim edilməsi zamanı, gəlir, aktivin faydalı istifadə müddəti ərzində sistematik və rasional əsasda tanınır

Əgər subsidiya amortizasiya olunan aktivi almaq və ya alınmasına yardım məqsədilə alınıbsa, onda subsidiya həmin aktiv üzrə amortizasiyanın hesablandığı hesabat dövrlərində və mütləq eyni nisbətdə gəlir kimi tanınmalıdır.

Misal

Müəssisə xüsusi tibbi avadanlıq istehsal etmək üçün xarici şirkətdən patent almaq niyyətindədir. Və patenti almaq üçün yardım məqsədilə Azərbaycan Hökumətindən 30 000 manat subsidiya almışdır. Müəssisə bu xüsusi avadanlığı 5 il istehsal etməyəi düşünür. Ona görə də müəssisə "Мənfəət və zərər hаqqındа Hesabatında" subsidiyanı gəlir kimi hər bir il üzrə 6 000 manat məbləğində tanımalıdır.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Xarici patentin alıması üçün Azərbaycan Hökümətindən subsidiyanın alınması 223 "Bank hesablaşma hesabları" 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 30 000
2 Xarici şirkətə patentin alınması üçün ödəniş 538 "Digər qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 30 000
3 Patentin alınması 101-4 "Patentlərin dəyəri" 538 "Digər qısamüddətli kreditor borcları" 30 000
4 1-ci il subsidiyanın gəlir kimi tanınması 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 611 "Sair əməliyyat gəlirləri" 6 000
5 Patentin 1-ci il amortizasiyası 731 "Sair əməliyyat xərcləri" 102-1-4 "Patentlər üzrə yığılmış amortizasiya" 6 000


Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!