Maliyyə gəlirləri və xərcləri

Müəssisənin maliyyə gəlirləri və xərcləri aşağıdakı gəlir və xərclər hesab edilə bilər:

  • verilmiş və alınmış borclar üzrə faiz gəlirləri və xərcləri;
  • bank depozitləri üzrə faiz gəlirləri;
  • divident formasında gəlir;
  • qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri;
  • konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri
  • maliyyə aktivlərinin xaric olması nəticəsində yaranan gəlirlər və xərclər;
  • maliyyə iсarəsi üzrə gəlir və xərclər;
  • faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəlirləri və xərcləri

Faiz gəliri – müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlərdir. Faiz gəliri formasında yaranan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

  1. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduqda;
  2. gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda.

Faiz formasında yaranan gəlir aktivin real səmərəliliyini nəzərə almaqla mütənasib qaydada tanınmalıdır.

Aktivin real səmərəliliyi - aktivin istifadəyə yararlı olduğu müddət ərzində müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin axınının aktivin ilkin balans dəyərinədək diskontlaşdırılması üçün zəruri olan faiz dərəcəsidir. Faiz formasında yaranan gəlirə borc qiymətli kağızın ilkin balans dəyəri ilə onun ödənilməsi anına olan dəyəri arasındakı amortizasiya olunan fərqin məbləği daxildir.

Faiz gəliri gətirən borc alətləri (borc qiymətli kağızlar və onlara oxşar müqavilələr) üzrə faiz hesablandıqdan sonra, həmin alətlər bu faizlərin alınmasından əvvəl əldə oluna bilər. Bu hallarda, sonrakı dövrdə əldə olunmuş faizlər bu borc alətlərinin əldə olunmasından əvvəl və sonrakı dövrlər üzrə bölüşdürülməlidir. Bu faizlərin yalnız əldə olunmasından sonrakı dövrə aid olan hissəsi gəlir kimi tanınır.

Misal.

Qayalı ASC-nin konsolidə edilmiş maliyyə hesabatına əlavə

Maliyyə gəlirləri 2018 2017
Maliyyə alətlərindən olan gəlirlər 1 812,0 415,0
Bank depozitləri üzrə faiz gəlirləri 542,6 433,1
Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri - 2 773,1
Digər maliyyə gəlirləri - 1 553,8
Cəmi maliyyə gəlirləri 2 354,6 5 175,0

Maliyyə xərcləri 2018 2017
Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri (3 348,0) -
Maliyyə alətləri üzrə zərər (1 191,8) (349,7)
Faiz xərcləri (3 320,4) (3 448,2)
Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri - (310,5)
Digər maliyyə xərcləri (15,1) (49,2)
Cəmi maliyyə xərcləri 7 875,3 4 157,6

Tanınma və qiymətləndirmə

Maliyyə gəlirləri və xərcləri effektiv faiz metodu istifadə edərək hesablanır və tanınır.

Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə öhdəliyinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri qrupunun) amortizasiya edilmiş dəyərinin hesablanması və faiz gəliri və ya faiz xərclərinin aid olduqları dövrlər üzrə bölüşdürülməsi metodudur.

Effektiv faiz dərəcəsi maliyyə alətinin gözlənilən ömrü və ya, uyğun olan zaman, daha qısa dövr ərzində qiymətləndirilmiş gələcək nağd pul ödəmələrini və ya daxilolmalarını maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin xalis balans dəyərinə qədər diskontlaşdıran faiz dərəcəsidir. Effektiv faiz dərəcəsini hesablayan zaman müəssisə, maliyyə alətinin (məsələn, avans ödəmələr, alıcı opsionu və oxşar opsionlar) bütün müqavilə şərtlərini nəzərə almaqla pul vəsaitləri daxilolmalarını qiymətləndirməli, lakin gələcək kredit zərərlərini nəzərə almamalıdır. Effektiv faiz dərəcəsinin hesablanmasınə effektiv faiz dərəcəsinin tərkib hissələri olan, müqavilənin tərəfləri arasında ödənilmiş və qəbul edilmiş bütün haqlar və digərməbləğlər, əməliyyat məsrəfləri və bütün digər mükafat və ya güzəştlər daxil edilir. Pul vəsaitləri axını və oxşar maliyyə alətləri qrupunun gözlənilən ömrünün etibarlı qiymətləndirilə bilməsi haqqında fərziyyə mövcuddur. Buna baxmayaraq, pul vəsaitləri axını və ya maliyyə alətinin (maliyyə alətləri qrupunun) gözlənilən ömrünün etibarlı qiymətləndirilməsinin mümkün olmadığı nadir hallarda, müəssisə maliyyə alətinin (maliyyə alətləri qrupunun) müqavilə şərtləri üzrə olan pul vəsaitləri axınını bütün müqavilə müddətinə tətbiq etməlidir.

Dividend formasında olan gəlirlər səhmdarın devidendləri alma hüququ yarandığı tarixdə tanınır.

Maliyyə gəlirlərinin uçotu

Maliyyə gəlirlərinin uçotu Hesablar Planının 63-cü maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin maliyyə fəaliyyəti ilə əlaqədar əldə edilmiş gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 631 №li "Maliyyə gəlirləri" hesabı açılır.

631 №li "Maliyyə gəlirləri" hesabında mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz gəliri, qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri, maliyyə iсarəsi üzrə gəlir, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri və digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

631 №li "Maliyyə gəlirləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 631-1 №li "Faiz gəliri";
  • 631-2 №li "Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri";
  • 631-3 №li "Maliyyə iсarəsi üzrə gəlir";
  • 631-4 №li "Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri";
  • 631-5 №li "Digər maliyyə gəlirləri".

631-1 №li "Faiz gəliri" subhesabında mühasibat uçotu subyektinin maliyyə fəaliyyəti zamanı əldə edilən faiz gəliri əks etdirilir.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən verilmiş borclara, kreditlərə görə hesablanmış faizlər üzrə gəlirin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli və qısamüddətli debitor borcları 172, 176, 212, 216 №li hesabların müvafiq subhesablarının debeti və 631-1 №li subhesabın kreditində əks etdirilir.

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar üzrə hər il hesablanılan faiz məbləğləri (amortizasiya məbləği) 181 №li hesabın müvafiq subhesablarının debeti və 631-1 №li subhesabın kreditində əks etdirilir.

Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar üzrə hər il hesablanılan faiz məbləğləri (amortizasiya məbləği) 232 №li hesabın müvafiq subhesablarının debeti və 631-1 №li subhesabın kreditində əks etdirilir.

Faiz gəliri üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-1 №li subhesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

631-2 №li "Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri" subhesabında mühasibat uçotu subyekti tərəfindən verilmiş qiymətdən düşmüş borclara görə hesablanılmış faiz gəlirləri əks etdirilir. Bu zaman əldə edilən faiz gəlirləri 176, 216 №li hesabların müvafiq subhesablarının debeti və 631-2 №li subhesabın kreditində əks etdirilir.

Qiymətdən düşmüş borclar üzrə faiz gəlirləri üzrə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-2 №li subhesabın müvafiq subhesablarının debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

631-3 №li "Maliyyə iсarəsi üzrə gəlir" subhesabında mühasibat uçotu subyektinin maliyyə icarəsindən əldə edilən faiz gəliri əks etdirilir.

Maliyyə icarəsində olan aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 216 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda həmin öhdəliyin dəyəri ilə cari dəyər arasındakı fərqə 406 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

İcarə üzrə qısamüddətli kreditor borclarının cari dəyəri hesablandıqda həmin kreditor borcun dəyəri ilə cari dəyər arasındakı fərqə 535 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə iсarəsi üzrə gəlirə görə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-3 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

631-4 №li "Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri" subhesabında mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəliklər üzrə əldə edilən məzənnə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəlikləri üzrə müsbət məzənnə fərqi yarandıqda 401, 402, 403, 404, 405, 407, 408, 434, 501, 502, 503, 504, 505, 506, 507, 537 №li hesabların müvafiq subhesablarının debeti və 631-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri kimi yığılan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-4 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

631-5 №li "Digər maliyyə gəlirləri" subhesabında mühasibat uçotu subyektinin 631-1-631-4 №li subhesablarında əks etdirilməyən digər maliyyə gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəliklərinin bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi digər maliyyə gəliri kimi 401, 402, 403, 404, 405, 406, 407, 408, 501, 502, 503, 504, 505, 506, 507, 535 №li hesabların müvafiq subhesablarının debetində və 631-5 №li subhesabın kreditində əks etdirilir.

Digər maliyyə gəliri üzrə yığılan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-5 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Misal.

Müəssisə 10 ədəd, ədədi 1000$ məbləğində, illik faiz dərəcəsi 5% olan 5 illik istiqraz alıb. Alınan istiqrazlar üzrə faiz gəlirlərinin uçotu aşağıdakı müxabirləşmələr ilə aparılacaqdır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 10 ədəd 5 illik 5%-li 1000$-lıq istiqrazların alınması. USD/AZN məzənnəsi - 1.65 (10*1000*1.65) 181 "Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar" 223 "Bank hesablaşma hesabları" 16 500
2 İstiqrazlar üzrə illik faiz gəlirləri əks etdirilir USD/AZN məzənnəsi - 1.75 (10 000*5%*1.75) 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 631-1 "Faiz gəlirləri" 875

Maliyyə xərclərinin uçotu

Maliyyə xərclərinin uçotu Hesablar Planının 75-ci maddəsində əks etdirilir. Bu maddədə mühasibat uçotu subyektinin maliyyə fəaliyyəti ilə əlaqədar yaranmış xərcləri barədə ümumiləşdirilmiş məlumatlar təqdim edilir. Bu maddə üzrə 751 №li "Maliyyə xərcləri" hesabı açılır.

751 №li "Maliyyə xərcləri" hesabında mühasibat uçotu subyektinin maliyyə fəaliyyətinin həyata keçirilməsi zamanı faiz xərci, konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri, maliyyə iсarəsi üzrə faiz xərcləri, faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri və digər maliyyə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

751 №li "Maliyyə xərcləri" hesabı üzrə aşağıdakı subhesablar açılır:

  • 751-1 №li "Faiz xərcləri";
  • 751-2 №li "Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri";
  • 751-3 №li "Maliyyə iсarəsi üzrə faiz xərcləri";
  • 751-4 №li "Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri";
  • 751-5 №li "Digər maliyyə xərcləri".

751-1 №li "Faiz xərcləri" subhesabında mühasibat uçotu subyektinin maliyyə fəaliyyəti zamanı yaranan faiz xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən alınmış borclara, kreditlərə görə hesablanmış faizlər üzrə xərclərin tanınma meyarlarına uyğun olaraq hesablanmış uzunmüddətli və qısamüddətli kreditor borcları 751-1 №li subhesabın debeti və 432, 434, 532, 537 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Faiz xərcləri üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-1 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

751-2 №li "Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri" subhesabında mühasibat uçotu subyekti tərəfindən buraxılmış konvertasiya olunan istiqrazlara görə hesablanılmış faiz xərcləri əks etdirilir. Bu zaman faiz xərcləri 751-2 №li subhesabın debeti və 432, 434, 532, 537 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Konvertasiya olunan istiqrazlar üzrə faiz xərcləri üzrə yaranan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-2 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

751-3 №li "Maliyyə iсarəsi üzrə faiz xərcləri" subhesabında mühasibat uçotu subyektinin maliyyə icarəsi ilə əlaqədar yaranmış faiz xərcləri əks etdirilir.

Maliyyə icarəsi ilə əldə edilmiş aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 751-3 №li subhesabın debeti və 537 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi üzrə faiz xərcləri məbləğinə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

751-4 №li "Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri" subhesabında mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəliklərə görə yaranmış məzənnə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat uçotu subyektinin faiz xərcləri yaradan öhdəlikləri üzrə mənfi məzənnə fərqi yarandıqda 751-4 №li subhesabın debeti və 401, 402, 403, 404, 405, 407, 408, 434, 501, 502, 503, 504, 505, 506, 507, 537 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərci kimi yığılan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-4 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

751-5 №li "Digər maliyyə xərcləri" subhesabında mühasibat uçotu subyektinin 751-1-751-4 №li subhesablarda əks etdirilməyən digər maliyyə xərcləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Mühasibat uçotu subyektinin faiz xərcləri yaradan debitor borclarının şübhəli debitor borclara aid edilməsi və ya silinməsi ilə əlaqədar yaranan xərclər 751-5 №li subhesabın debetində və 182, 184, 233, 235 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Digər maliyyə xərcləri üzrə yığılan məbləğə hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debeti və 751-5 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Misal.

Müəssisə bankdan 3 illik 24% faiz dərəcəsi ilə 20 000 AZN kredit alıbdır, və hər ay kredit faizini banka ödəməlidir. Bu əməliyyatlar üzrə müxabirləşmələr aşağıdakı kimi olacaqdır.

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Kredit məbləğinin müəssisənin hesablaşma hesabına daxil olması 223 "Bank hesablaşma hesabları" 401 "Uzunmüddətli bank kreditləri" 20 000
2 İllik faiz xərclərinin hesablanması (20 000*24%) 751-1 "Faiz xərcləri" 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 4 800
3 Aylıq faiz xərcinin ödənilməsi (4 800/12) 537 "Faizlər üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 400

Vergi uçotu

Maliyyə gəlirləri və xərclərinin vergi uçotunda əsas məsələlər bu gəlirlər və xərclərin tanınması vaxtı, vergidən azad olunması şərtləri, xərclərə aid edilməsi və ya kapitallaşdırılması məsələləridir.

Faizlər — borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmədir.

AR Vergi Məcəlləsinin 99.3.1. maddəsinə əsasən faiz gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir.

AR Vergi Məcəlləsinin 102.1.22 maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Mülki Məcəllənin 997-ci maddəsinə əsasən investisiya qiymətli kağızlara isə istiqrazlar və səhmlər aid edilir.

AR Vergi Məcəlləsinin 135.3. maddəsinə əsasən vergi ödəyicisinin faiz gəliri borc öhdəlikləri üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Misal.

Hesablama metodu ilə uçot aparan hüquqi şəxs bankdakı depozit hesabından faiz gəliri əldə edir. Müqaviləyə əsasən 2017-ci il üçün hesablanmış illik faiz gəlirləri müəssisəyə 2018-ci ilin fevral ayında ödəniləcəkdir. Müəssisə bu gəliri hansı ilin mənfəətinə aid etməlidir?

Gəlir və xərclərin uçotunu hesablama metodu ilə aparan vergi ödəyicisinin faiz gəliri əldə etmək hüququ vardırsa və borc öhdəliyi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq olaraq həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Gəlir və xərclərin uçotu kassa metodu ilə aparıldığı halda isə faizin ödənildiyi vaxt, yəni sorğunuzda qeyd edilmiş 2018-ci ilin fevral ayı gəlirin əldə edildiyi vaxt hesab olunur.

Bundan başqa, AR Vergi Məcəlləsinin 102.1.22-1 maddəsinə əsasən AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən azaddır.

Onu da nəzərə almaq lazımdır ki, AR Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Halbuki, mühasibat uçotu standartlarına əsasən kredit faizləri alınan aktivlərin dəyərini artırır.

Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 110.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə AR Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Transfer qiyməti tətbiq edilən şəxslərdən alınmış borclar üzrə əməliyyatlara Tranfer qiyməti əsas götürülməklə aparılır.

Bundan başqa, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Lakin, bu şərt rezident banklara və kredit təşkilatlarına aid edilmir.

Sosial sığorta haqqında AR Qanununun 15-ci maddəsinə əsasən faiz gəliri üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!