Əməliyyat icarəsi

Əməliyyat icarəsi – maliyyə icarəsi olmayan hər hansı digər icarə növüdür.

Əməliyyat icarəsinin оbyekti icarəyə verənin əmlakı hesab оlunmaqla оnun balansında əks оlunur. Оbyektin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir. Bundan sоnra icarəyə vеrən tikili və avadanlığın invеntar kitabında qеydiyyat aparır.

İcarədarda (icarəyə verəndə) uçot.

İcarədarın balansında olan torpaq, tikili və avadanlıqlar icarə ödənişlərinin əldə edilməsi məqsədi ilə saxlandıqda, onlar, icarədarın balansında qalır və investisiya mülkiyyəti kimi uçota alınır. Müəssisə investisiya mülkiyyəti kimi torpaq, tikili və avadanlıqları maliyyə hesabatlarında ilkin və ya ədalətli dəyərlə uçota ala bilər.

111 №li "Torpaq, tikili və avadanlıqlar”" hesabında uçota alınmış daşınmaz əmlak ilkin dəyərlə uçota alınan investisiya mülkiyyətinə aid edildikdə, aşağıdakı mühasibat yazılışları verilir:

  • torpaq və binaların dəyəri üzrə 121 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti;
  • torpaq və binaların amortizasiyası üzrə 112 №li hesabın müvafiq subhesablarının debeti və 122 №li hesabın müvafiq subhesablarının krediti.

111 №li "Torpaq, tikili və avadanlıqlar" hesabında uçota alınmış daşınmaz əmlak ədalətli dəyərlə əks etdirilən 121 №li "İnvestisisya mülkiyyəti" hesabına keçirilərsə, müəssisə daşınmaz əmlakın təyinatının dəyişildiyi tarixə qədər həmin əmlakın uçotunu "Torpaq, tikili və avadanlıqların uçotu" -na uyğun olaraq aparır. Müəssisə təyinatın dəyişildiyi tarixdə daşınmaz əmlakın balans dəyəri ilə ədalətli dəyəri arasında olan istənilən fərqi yenidən qiymətləndirmə kimi uçota alır. Bu zaman aşağıdakı mühasibat yazılışları verilir:

  • torpaq və binaların balans dəyəri üzrə 121 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • torpaq və binaların amortizasiyası üzrə 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • daşınmaz əmlakın balans dəyəri ədalətli dəyərindən yüksək olduqda bu dəyərlərin arasında olan fərqə 731-2 №li subhesabın debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • daşınmaz əmlakın balans dəyəri ədalətli dəyərindən aşağı olduqda bu dəyərlərin arasında olan fərqə 121 №li hesabın müvafiq subhesablarının debeti və 611-2 №li subhesabın krediti üzrə.

İcarədar mülkiyyət sahibi kimi icarəyə vеrilən tikili və avadanlığa görə amortizasiya hеsablayır və müqavilədə qeyd edilən şərtlər əsasında tikili və avadanlıqları təmir edir.

Əməliyyat icarəsi üzrə gəlirin dəyərinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 601-5 №li "Əməliyyat icarəsi üzrə gəlir" subhesabınının krediti üzrə mühasibat yazılışı verilir.

Əməliyyat icarəsi üzrə gəlirin dəyərinə görə hesablanılmış əlavə dəyər vergisinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 521 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Əməliyyat icarəsi üzrə gəlirin dəyəri müəssisəyə ödənildikdə 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının debeti və 174, 214 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

İcarəçidə (icarəyə götürəndə) uçot

Əməliyyat içarəsinə götürülmüş torpaq, tikili və avadanlıqlar icarəçilərin balansında uçota alınmır.

Hər ay icarəçi icarə haqqını hesablayır və əməliyyat icarəsi üzrə xərclərin dəyərinə 535 №li hesabın müvafiq subhesabının debeti və 721 №li hesabın krediti üzrə mühasibat yazılışı verilir. İcarə haqqı ödənilən zaman 221, 222, 223, 224, 225 №li hesabların müvafiq subhesablarının krediti və 535 №li hesabın müvafiq subhesablarının debiti üzrə mühasibat yazılışı verilir.

İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi, icarəçi üçün isə əməliyyat xərcləri kimi uçota alınır.

Müxabirləşmələr aşağıdakı kimi olacaqdır:

Misal.

Müəssisənin mülkiyyətində 250 000 manatlıq bina var. Bu binanın 150 000 manatlıq hissəsində müəssisənin ofisi və istehsalat obyektləri yerləşir. Digər 100 000 manatlıq binanın hissəsi isə yeni ildən başqa bir müəssisəyə 1 illik aylıq 10 000 manata əməliyyat icarəsinə veriləcək. İcarəyə verilən binanın amortizasiyası 13 500 AZN təşkil edir. İnvestisiya mülkiyyəti müəssisənin uçot siyasıtində ilkin dəyər metodu ilə uçota alınır.


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
İcarəçidə (icarəyə götürəndə) uçot.
1 İllik icarə haqqı hesablanır. 721-3 "Digər inzibati xərclər." 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" 10 000
2 İcarə haqqının ödənilməsi. 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" 223 "Bank hesablaşma hesabları" 10 000
İcarədarda (icarəyə verəndə) uçot.
1 İcarəyə verilən binanın dəyəri "İnvestisiya mülkiyyəti" hesabına köçürülür 121 "İnvestisiya mülkiyyətinin dəyəri" 111 "Torpaq, tikili və avadanlıqlar - Dəyər" 100 000
2 İcarəyə verilən binanın amortizasiyası "İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" hesabına köçürülür 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 122 "İnvestisiya mülkiyyəti üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 13 500
3 Əməliyyat icarəsi üzrə gəlirin tanınması 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 601-5 "Əməliyyat icarəsi üzrə gəlir" 10 000
4 Əməliyyat icarəsi üzrə gəlirin tanınması - ƏDV 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 521 "Vergi öhdəlikləri" 1 800
5 Əməliyyat icarəsi üzrə icarə haqqının ödənilməsi 223 "Bank hesablaşma hesabları" 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 10 000
6 Əməliyyat icarəsi üzrə icarə haqqının ödənilməsi-ƏDV 226 "ƏDV sub-uçot hesabı" 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 1 800

Vergi uçotu

Vergi uçotunda diqqət yetirilməsi olan məsələ icarə haqqının bazar qiymətinə uyğun olub -olmaması ilə bağlıdır. Belə ki, AR Vergi Məcəlləsinin 124.4. maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir.

Məcəllənin 14-cü maddəsində deyilir:

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:

AR Vergi Məcəlləsi, Maddələr:

14.3.5. bu Məcəllənin 124.4-cu maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda.



Yazı sonuncu dəfə 2020-01-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!