İcarəyə götürülmüş tikili və avadanlıqların təmiri

İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:

  • əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır;
  • bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır;
  • bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;
  • icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;
  • icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 5.3-cü və 5.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.

İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.

İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:

  • təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənildikdə, icarəçinin “Bank hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
  • təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.

Vergi Uçotu

İcarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması AR Vergi Məcəlləsinin 115.4 - 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin AR Vergi Məcəlləsinin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır .

Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır.

İcarəyə götürülmüş əsas vəsaitlər icarəçinin balansında uçota alınmadıqda və ya təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq, icarə haqqı ilə əvəzləşdirildikdə AR Vergi Məcəlləsinin 115.4-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir.

Misal.

Müəssisə əvvəlki ilin sonuna qalıq dəyəri 300 000 olan binanı icarəyə götürmüş və binaya cari il ərzində 60 000 manat təmir xərci çəkmişdir. Çəkilmiş təmir xərcləri icarədara ödənilən illik icarə haqqı ilə əvəzləşdirmişdir. Belə olduqda, binanın təmirinə çəkilən 60 000 manatı müəssisə gəlirindən çıxılan xərclərə aid edə bilməz.

İcarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə AR Vergi Məcəlləsinin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Misal.

Müəssisə əvvəlki ilin sonuna qalıq dəyəri 300 000 olan binanı icarəyə götürmüş və binaya cari il ərzində 60 000 manat təmir xərci çəkmişdir. Çəkilmiş təmir xərcləri icarədara ödənilən illik icarə haqqı ilə əvəzləşdirilməmişdir. Belə olduqda, binanın təmirinə çəkilən 60 000 manat xərclər kapitallaşdırılaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılacaq.

Belə ki, binanın təmirinə çəkilən 60 000 manat kapitallaşdırılmış məbləğ cari ildə AR Vergi Məcəlləsinin 114.3.1 maddəsinə əsasən 7% dərəcə ilə amortizasiya olunacaq və amortizasiya xərcləri kimi müəssisənin gəlirindən çıxılacaq.

60 000 * 7% = 4 200 manat



Yazı sonuncu dəfə 2022-04-11 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!