Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi

İlkin qiymətləndirmə

Torpaq, tikili və avadanlıqların tanınma meyarlarına cavab verən obyekt ilkin dəyəri ilə qiymətləndirilməlidir.

Torpaq, tikili və avadanlıqların ilkin dəyərinin tərkib hissələri aşağıdakılardan ibarətdir:

  1. alış qiymətindən hər növ ticarət endirimləri çıxıldıqdan sonra, idxal rüsumları və alışla bağlı əvəzləşdirilməyən vergilər daxil olmaqla ümumi sərf edilən məsrəflər;
  2. aktivdən müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş tərzdə istifadə edilməsi üçün onun lazımi istismar yerinə və vəziyyətə gətirilməsinə çəkilən bütün birbaşa məsrəflər.
  3. obyektin alınması zamanı və ya onun ehtiyatlar yaratmaq məqsədilə deyil, digər məqsədlər üçün müəyyən müddət ərzində istifadə edilməsi nəticəsində demontajı və ləğvi, habelə onun yerləşdiyi sahənin bərpası kimi işlərin görülməsi üzrə müəssisənin öz üzərinə götürdüyü öhdəlik ilə əlaqədar çəkiləcək məsrəflərin ilkin smeta həcmi.

Torpaq, tikili və avadanlıqlar təsisçilərdən pay qoyuluşu şəklində qəbul edildikdə, onun ilkin dəyəri həmin dövrün bazar qiymətləri əsas götürülməklə razılaşdırılmış dəyərlə müəyyən olunur.

Əvəzsiz maliyyə yardımı şəklində alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur.

Dəyişmə müqaviləsi əsasında alınan torpaq, tikili və avadanlıqların ilkin dəyəri dəyişdirilən aktivlərin dəyəri ilə ölçülür. Dəyişdirilən aktivlərin dəyərini müəyyən etmək mümkün olmadıqda, ilkin dəyər analoji əsas vəsaitlərin həmin dövrdə alınmasına çəkilən xərclər ilə müəyyən edilir.

Torpaq, tikili və avadanlıqların ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişə bilər.

İlkin tanınmadan sonra qiymətləndirmə.

Müəssisə torpaq, tikili və avadanlıq obyektlərini qiymətləndirmək məqsədilə öz uçot siyasətini ya ilkin dəyər modelinə, ya da yenidənqiymətləndirmə modelinə əsasən müəyyən etməlidir. Müəssisə müəyyən edilmiş uçot siyasətini torpaq, tikili və avadanlıqların bütün sinfinə tətbiq etməlidir.

İlkin dəyər modeli

Aktiv kimi tanındıqdan sonra torpaq, tikili və avadanlıqlar hər hansı yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxılmaqla ilkin dəyərlə uçota alınırlar.

Yenidənqiymətləndirmə modeli

Aktiv kim tanındıqdan sonra, ədalətli dəyərlərinin müəyyən edilməsi mümkün olan torpaq, tikili və avadanlıqlar hər hansı yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri çıxılmaqla yenidənqiymətləndirmə tarixinə onların ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə təqdim olunmalıdır. Bu Standart çərçivəsində, ədalətli dəyər yenidənqiymətləndirmə məqsədləri üçün fəal bazarın məlumatlarına istinadən müəyyən edilməlidir.

Balans hesabatı təqdim olunduğu tarixə aktivin balans dəyərinin onun ədalətli dəyərindən kəskin fərqlənməməsi məqsədilə yenidənqiymətləndirmə kifayət qədər müntəzəm şəkildə həyata keçirilməlidir.

Torpaq, tikili və avadanlıqların ədalətli dəyəri adətən bazar məlumatlarına əsaslanan dəlillərdən istifadə edilərək qiymətqoyma üzrə peşəkar mütəxəssislər tərəfindən müəyyən edilir.

Torpaq, tikili və avadanlıqlara aid obyektlər yenidən qiymətləndirildikdə, yenidənqiymətləndirmə tarixinə olan hər hansı yığılmış amortizasiya, aktivin ümumi balans dəyərilə müxabirləşərək sıfıra bərabər edilir və beləliklə aktivin xalis dəyərinin yenidənqiymətləndirilmiş dəyərinə bərabər edilməsi üçün ona düzəliş edilir.

Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, onda bu artım yenidənqiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapitalın kredit hissəsinə yazılmalıdır

Əgər yenidənqiymətləndirmə nəticəsində aktivin balans dəyəri azalarsa, bu zaman həmin azalma mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Lakin, əgər əvvəlki tarixlərdə aparılan yenidənqiymətləndirmə nəticəsində hər hansı yenidənqiymətləndirmə artımı yaranmışsa və o artım yenidənqiymətləndirmə başlığı altında kapitalın kreditinə yazılmışsa, hər hansı növbəti hesabat tarixində yaranan azalma yenidənqiymətləndirmə hesabının kredit qalığı müqabilində həmin hesabın debitinə yazılmalıdır.

Əmlakın yenidən qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" AR Qanununa əsasən həyata keçirilir.

İlkin və yenidənqiymətləndirmə modellərində uçot qaydası

Aktiv kimi tanındıqdan sonra torpaq, tikili və avadanlıqlar üzrə müəssisə tərəfindən ilkin dəyər modeli tətbiq edildikdə, ilkin dəyərlə uçota alınmış torpaq, tikili və avadanlıqlar üzrə amortizasiya hesablanılır və hər bir hesabat dövrünün sonunda onların qiymətdən düşə biləcək hər hansı göstəricisinin olub-olmaması qiymətləndirilir. Əgər belə göstərici mövcuddursa, qiymətdəndüşmə zərərləri hesablanılır. Bu zaman torpaq, tikili və avadalıqlar üzrə hesablanmış amortizasiya məbləğləri 202, 203, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının debetində və 112 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir. Yığılmış qiymətdəndüşmə zərərinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 112 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir. Hesablanmış amortizasiya məsrəfləri xərcə aid edildikdə 701 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203 №li hesabların müvafiq subhesablarının kreditində, hazır məhsulun maya dəyərinə aid edildikdə isə 204 №li hesabın müvafiq subhesablarının debeti və 202, 203 №li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir. Hesablanmış amortizasiya və qiymətdəndüşmə zərərləri üzrə xərclərə 801 №li hesabın müvafiq subhesablarının debeti və 701, 711, 721, 731 №li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Aktiv kimi tanındıqdan sonra torpaq, tikili və avadanlıqlar üzrə müəssisə tərəfindən yenidən qiymətləndirmə modeli tətbiq edildikdə onlar ədalətli dəyəri olan yenidənqiymətləndirmə dəyəri ilə uçotda əks etdirilirlər. Bu zaman hesabat dövrünün sonuna torpaq, tikili və avadanlıqların balans dəyərinin onların ədalətli dəyərindən kəskin fərqlənməməsi üçün kifayət qədər müntəzəm şəkildə bu aktivlər üzrə yenidən qiymətləndirmə həyata keçirilir. Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi nəticəsində onların balans dəyəri ya artır, ya da azalır.

Yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyəri artarsa, o zaman bu artım yenidən qiymətləndirmə artımı başlığı altında birbaşa olaraq kapital ehtiyatlarında yenidən qiymətləndirmə üzrə ehtiyat kimi uçota alınır. Bu zaman torpaq, tikili və avadanlıq obyektinin balans dəyəri onun yenidən qiymətləndirmə dəyərinə çatdırılmalıdır. Yenidən qiymətləndirmə tarixinə aktiv aşağıdakı üsullardan biri ilə uçota alınır:

  • yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulu;
  • aktivin ilkin dəyərinin və yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulu.

Yığılmış amortizasiyanın sıfıra bərabər edilməsi üsulunun tətbiqi zamanı aşağıdakı müxabirləşmələr verilir:

  • yığılmış amortizasiyanın aktivin ilkin dəyəri ilə müxabirləşərək sıfıra bərabər edilməsi məqsədi ilə 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyərinin artımına 111 №li hesabın müvafiq subhesablarının debeti və 331 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Aktivin ilkin dəyərinin və yığılmış amortizasiya məbləğinin proporsional şəkildə düzəldilməsi üsulunun tətbiqi zamanı onun ilkin dəyəri xalis balans dəyərinin yenidən qiymətləndirilməsinə uyğun şəkildə dəyişdirilir. İlkin dəyər bazar qiymətinə istinadən və ya xalis balans dəyərinin dəyişikliyi qədər proporsional şəkildə düzəldilir. Yenidən qiymətləndirmə tarixinə yığılmış amortizasiya elə şəkildə düzəldilməlidir ki, o bütün yığılmış qiymətdən düşmə zərərlərini nəzərə almaqla ilkin dəyərlə xalis balans dəyəri arasında fərqə bərabər olsun. Bu halda aşağıdakı mühasibat yazılışları verilir:

  • yenidən qiymətləndirmə nəticəsində aktivin balans dəyərinin artımına 111 №li hesabın müvafiq subhesablarının debeti və 331 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • yığılmış qiymətdəndüşmə zərərləri nəzərə alınmaqla, yığılmış amortizasiya üzrə düzəlişə 111 №li hesabın müvafiq subhesablarının debeti və 112 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Yenidən qiymətləndirilmə nəticəsində torpaq, tikili və avadanlıqların balans dəyəri azaldıqda, azalma məbləğinə 731 №li hesabın müvafiq subhesablarının debeti və 112 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir. Bu zaman 801 №li hesabın müvafiq subhesablarının debeti və 731 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış artımlar kapital ehtiyatlarında əks etdirilmişdirsə, sonrakı qiymətdəndüşmə zərərləri həmin artım məbləği qədər kapital ehtiyatının azalmasına aid edilir, qalan məbləğ isə mənfəət və zərərə aid edilir. Bu zaman aşağıdakı müxabirləşmələr verilir:

  • keçmiş illərin artımları həddində məbləğə 331 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • qalan məbləğə 731 №li hesabın müvafiq subhesablarının debeti və 112 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış qiymətdəndüşmə zərərləri Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda əks etdirilmişdirsə, sonrakı artımlar Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatda bu qiymətdəndüşmə zərərləri qədər sair əməliyyat gəlirlərinə, keçmiş illərin qiymətdəndüşmə zərərlərindən artıq olan məbləğ isə yenidən qiymətləndirmə üzrə ehtiyat hesabına aid edilir. Bu zaman aşağıdakı kimi müxabirləşmələr verilir:

  • əvvəlki dövr üzrə yenidən qiymətləndirmə nəticəsində yaranmış qiymətdəndüşmə zərəri həddində məbləğə 112 №li hesabın müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • keçmiş illərin qiymətdəndüşmə zərərlərindən artıq olan məbləğə 111 №li hesabın müvafiq subhesablarının debeti və 331 №li hesabın müvafiq subhesablarının krediti üzrə və ya 112 №li hesabın müvafiq subhesablarının debeti və 331 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • yığılmış amortizasiya məbləğinin sıfırlaşdırılması üçün isə 112 №li hesabın müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

Torpaq, tikili və avadanlıqlar obyektinin tanınmasının dayandırılması zamanı həmin obyektlə bağlı yenidən qiymətləndirmə üzrə kapital ehtiyatları, bölüşdürülməmiş mənfəətə aid edilə bilər. Bu zaman 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Torpaq, tikili və avadanlıqlar üzrə yenidən qiymətləndirmələr nəticəsində kapital ehtiyatlarında əks etdirilmiş artımın bir hissəsi müəssisə tərəfindən aktivin istifadə olunması zamanı bölüşdürülməmiş mənfəətə köçürülə bilər. Belə olan halda, bölüşdürülməmiş mənfəətə köçürülmüş artımın məbləği aktivin yenidən qiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiyası ilə aktivin ilkin dəyəri əsasında tanınan amortizasiyası arasındakı fərqi təşkil edir. Bu zaman 331 №li hesabın müvafiq subhesablarının debeti və 341 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Misal

Müəssisə yeni ildən uçot siyasıtini dəyişdirir və ona məxsus binalar sinfinə aid olan tikililəri yenidən qiymətləndirmə metodu ilə dəyərləndirmək qərarına gəlib. İlin əvvəlinə binalar sinfinə aid olan əsas əvsaitlərin ilkin dəyəri 200 000 AZN-dir, yığılmış amortizasiya məbləği isə 50 389, 60 AZN təşkil edir. Müəssisə müstəqil qiymətləndirici ilə müəssisəyə məxsus binaların yenidən qiymətləndirilməsi ilə bağlı müqavilə bağlayır. Qiymətləndirici qanunvericiliyə uyğun olaraq binaları qiymətləndirir və qiymətləndirmənin nəticələri haqqında hesabatı müəssisəyə təqdim edir. Hesabata əsasən müəssisənin binalarının dəyəri qiymətləndirmə tarixinə 250 000 AZN müəyyən edilir.

Beləliklə, binaların qalıq dəyəri 149 610.40 AZN idi (200 000 - 50 389.60), yenidən qiymətləndirmə nəticəsində binaların dəyəri 250 000 AZN məbləğində müəyyən edildi, və nəticədə binaların dəyəri 100 389.60 AZN məbləğində artdı.

Müəssisənin mühasibi bu zaman aşağıdakı müxabirləşmələri etməlidir

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Binaların amortizasiyasının silinməsi 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 50 389.60 AZN
2 Əmlakın dəyərinin artması 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" 100 389.60

Vergi uçotu

Vergi uçotunda tikili və avadanlıqlar əsas vəsaitlər kimi tərif olunur.

AR Vergi Məcəlləsinin 143-cü "Aktivlərin dəyəri" Maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və AR Vergi Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

AR Vergi Məcəlləsinin 97 maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım fiziki şəxslərin gəlir vergisi hesablanan zaman gəlirlərə aid edilmir.

AR Vergi Məcəlləsinin 104.5 maddəsinə əsasən əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyildir.

Eyni zamanda, yenidən qiymətləndirmə nəticəsində formalaşan mənfi fərq xərc kimi nəzərə alınmır. Çünki, gəlirin əldə edilməsi ilə bağlı olan xərc deyil.

AR Vergi Məcəlləsinin 114.6 maddəsinə əsasən Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

AR Vergi Məcəlləsinin 202 maddəsinə əsasən müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi zamanı müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

Yazı sonuncu dəfə 2019-11-16 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!