Müəssisənin ləğv edilməsi.

Müəssisə ləğv edildikdə onun işçiləri işdən azad olunurlar.

Müəssisə ləğv edilməsi rəhbərliyin və ya təsisçilərin qərarı əsasında həyata keçirilir. Müəssisənin ləğvi müvafiq əmrin verilməsi ilə sənədləşdirilir.

Əmr forması aşağıdakı kimi ola bilər:

Müəssisənin ləğv edilməsi əmrini yükləmək.

Əmək müqaviləsi müəssisənin ləğv edilməsi səbəbindən ləğv edilərkən, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

  • 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
  • 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
  • 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
  • 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

AR Əmək Məcəlləsinin 143-cü maddəsinə görə müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə müəssisənin ləğv edilməsi əsasları ilə işdən çıxarılma hallarında işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilmir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilmir. Eyni zamanda işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilmir.

Lakin, AR Konstitusiya Məhkəməsinin 23.02.2000-ci il tarixli qərarına əsasən AR Əmək Məcəlləsinin 143-cü maddəsinin birinci hissəsinin, bu məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndləri ilə əlaqədar əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnu məhdudlaşdıran müddəaları AR Konstitusiyasının 25, 37-ci maddələrinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə, müəssisə ləğv edilirsə işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Və ya işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir

Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, AR Əmək Məcəllənsinin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

Əgər müəssisənin ləğv edildiyi və ya müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir.

AR Əmək Məcəlləsinin 79.2 maddəsinə əsasən müəssisə ləğv edildikdə və ya müddətli əmək müqaviləsinə xitam verildildikdə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar NƏZƏRƏ ALINMIR

  • hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
  • əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
  • işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
  • öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin.

Lakin, AR Əmək Məcəlləsinin 79.3 maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

Yazı sonuncu dəfə 2022-10-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!