Sosial müavinətlər

Sosial müavinətlər haqqında AR Qanunu-na əsasən:

Sosial müavinətlər — bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.

Müavinət almaq hüququ olan şəxslər

Azərbaycan Respublikasının vətəndaşları müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla, Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Müavinətlərin növləri

Qanuna əsasən aşağıdakı müavinət növləri təyin edilir:

  1. Aylıq müavinətlər:
    1. dövlət qulluqçularına ömürlük müavinət;
    2. yaşa görə müavinət;
    3. əlilliyə görə müavinət;
    4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
    5. ailə başçısını itirməyə görə müavinət;
    6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;
    7. üç yaşınadək uşağa qulluğa görə müavinət;
    8. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət;
    9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;
    10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət.
    11. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;
    12. beşdən çox uşağı olan qadınlara müavinət.
  2. Birdəfəlik müavinətlər:
    1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
    2. uşağın anadan olmasına görə müavinət;
    3. dəfn üçün müavinət.

Sosial sığorta hadisəsi hesab olununan - Hamiləliyə və doğuma görə müavinətƏmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət.

Aylıq və birdəfəlik sosial müavinətlər (sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Sığortaolunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə, dəfn üçün müavinətlər isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilir.

Müavinətlərin təyin olunması şərtləri.

Müavinətlər aşağıdakı hallarda təyin edilir:

  • dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" AR Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda;
  • yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
  • əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
  • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda;
  • ailə başçısını itirməyə görə müavinət:
    • əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
    • yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin (şəhid ailəsi üzvlərinin hər biri və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar) əmək pensiyası hüququ olmadıqda ;
  • 3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq hüququ müəyyən edildikdə;
  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi) təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" AR Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik) təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda;
  • 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı haqqında" AR Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ olduqda;
  • vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət – "AR keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" AR Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda;
  • beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;
  • radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;
  • uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edildikdə;
  • dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, "İşsizlikdən sığorta haqqında" AR Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə.
Əmək qabiliyyəti olmayan şəxslər kimlərə deyilir — əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.

Müavinətlərin məbləği

Müavinətlərin məbləği AR Prezidenti tərəfindən müəyyən edilir və ildə bir dəfədən az olmamaq şərtilə indeksləşdirilir.

Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilib:

    Aylıq müavinətlər:
    1. Yaşa görə müavinət — 220 manat;
    2. Əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
      • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 manat
      • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 manat
      • orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 manat;
    3. əlillik "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar" səbəbindən baş verdikdə:
      • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 manat
      • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 manat
      • orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 manat;
    4. əlillik "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar" və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" səbəbindən baş verdikdə:
      • orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 manat
      • orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 manat
      • orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 manat;
    5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət — 200 manat;
    6. ailə başçısını itirməyə görə müavinət — 120 manat (hər nəfərə);
    7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat;
    8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət — 120 manat (hər uşaq üçün);
    9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — 120 manat (hər uşaq üçün);
    10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — 100 manat;
    11. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:
      • şəhid uşaqlarına — 21 manat;
      • müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına — 15 manat.
    12. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət:
      • övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə – 200 manat;
      • övladlığa götürülən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə – 600 manat.
  1. Birdəfəlik müavinətlər:
    1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət — 300 manat;
    2. uşağın anadan olmasına görə müavinət — 500 manat;
    3. dəfn üçün müavinət — 500 manat.


Yazı sonuncu dəfə 2023-04-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!