Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət

Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

AR Əmək Məcəlləsinin 131.6 maddəsinə əsasən əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.

Bundan başqa, AR Əmək Məcəlləsinin 136 maddəsinə əsasən əsas məzuniyyət əlavə məzuniyyət ilə cəmlənərək birlikdə verilməlidir. İşçinin eyni vaxtda əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görəəmək stajına görə iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.

Misal

İşçi Qazax rayonunda fəaliyyət göstərən "Daş kərxanasında" karxanadan dağ-mədən kütləsinin daşınması ilə məşğul olan avtomobil sürücüsü vəzifəsində 10 aydır ki çalışır. İşçinin 21 təqvim günü əsas məzuniyyəti və, əmək şəraiti zərərli və ağır olan iş yerində 6 aydan çox müddətdə çalışdığı üçün onun 6 gün əlavə məzuniyyət hüququ vardır.

İşçi əsas və əlavə məzuniyyət günlərini cəmləyib istifadə etmək istəyir. Belə olduqda, ona əsas 21 gün olan məzuniyyət tam olaraq verilir, lakin, əlavə məzuniyyət iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilməlidir. Əlavə məzuniyyət olacaqdır:

6 gün /12 * 10 = 5 gün

Beləliklə, işçi 21 + 5 = 26 gün məzuniyyətə çıxa bilər.

Qalan 1 gün olan əlavə məzuniyyətdən 2 ay işlədikdən sonra istifadə edə bilər.

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə AR Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı.

Qeyd:

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya(pul əvəzi) verilmir.

Lakin, əmək münasibətlərinə xitam verilmirsə, işçinin istəyi ilə ona istifadə etmədiyi əmək (əsas və əlavə) məzuniyyət günlərinə görə, o cümlədən, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə kompensasiya verilə bilər.



Yazı sonuncu dəfə 2020-06-10 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!