Pensiyaya çıxma

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qeyd.

Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq 65 yaşa çatdırılacaqdır. (Əmək pensiyaları haqqında AR Qanunu, Maddə 7)

Əmək pensiyasının minimum məbləği 2023-cu il 1 fevral tarixindən 280 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının AR Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq AR Prezidentinin qərarına əsasən indeksləşdirilir.(Əmək pensiyaları haqqında AR Qanunu, Maddə 6-1)

Bəzi şəxslərdə əmək pensiyası almaq üçün yaş həddi aşağı salınıb:

  • Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
  • Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
  • Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Bəzi kateqoriyalı işçilərin güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır:

  • Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
  • Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
  • Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır.
  • Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır:
    • prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri;
    • yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.
  • Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
    • hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
    • hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
    • hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
    • hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
  • Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
  • Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır:
    • ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);
    • cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
      • kişilər—60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə;
      • qadınlar—55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə.
    • Miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır;
    • Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır;
  • Əmək pensiyaları haqqında AR Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
İşçinin pensiya yaşına çatması, onun işdən avtomatik azad olunması demək deyil. O işləməyə davam edə bilər.

İşçinin pensiyaya çıxması ilə əlaqədar müəssisədə heç bir daxili sənədləşmə aparılmır və onun əmək kitabçasında heç bir qeyd edilmir.

Əgər işçi-pensioner işləməyə davam edərsə, ona adi işçi kimi əmək məcəlləsi ilə müəyyən edilən bütün hüquq və öhdəliklər şamil edilir.

Pensiyaya çıxmış işçi eyni zamanda həm əmək haqqı, həm də əmək pensiyası ala bilər.

İşçinin pensiyaya çıxması və sənədlərinin hazırlanması zamanı müəssisədən ona yazılı ərizəsi əsasında müvəqqəti əmək kitabçası verilməlidir. Eyni zamanda, əmək kitabçasının DSMF-na təqdim edilməsi üçün sürəti çıxarılmalıdır. Nəzərə alın ki, işçilər əmək pensiyasına çıxmaq üçün "Asan Xidmət"-ə də müraciət edə bilərlər.

Əmək kitabçasının əsli pensiya çıxmaq üçün sənədləşmənin aparılmasından sora müəssisəyə qaytarılmalıdır. Əmək kitabçasının sürəti DSMF-da vətəndaşın şəxsi işlərində saxlanılır.

İşçi pensiya yaşına çatdıqdan sonra işdən azad olunması üçün ərizə ilə müraciət edibsə, o ümumi qaydada işdən azad edilir.

İşçinin ərizəsinin nümünəsi

İşçinin ərizəsinin nümünəsini yükləmək.

Nəzərə alın ki, yaşa və ya əlilliyə görə təqaüdə çıxmış işçi işdən azad olunmaq istəyirsə, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. (AR Əmək Məcəlləsi, Maddə 69.3) Artıq 1 təqvim ayı gözləmək lazım deyil. Əmək kitabçasında qeyd edilir ki: "Öz təşəbbüsü ilə yaşa görə təqaüdə çıxdığı üçün işdən azad edilir".

Müəssisə rəhbəri tərəfindən əmr verilir və işçi ilə əmək qanunvericiliyinə uyğun son haqq-hesab aparılmalıdır. Bütün qeydlər aparıldıqdan sonra əmək kitabçasında işçiyə verilir.

Təqaüdə çıxma ilə bağlı bütün sənədləşmə işləri işçi tərəfindən aparılmalıdır. Təqaüdə çıxma üçün lazım olan bütün sənədlər barədə ərazi üzrə DSMF-da və ya "ASAN Xidmət"-də işçiyə məlumat verilir.

Yazı sonuncu dəfə 2023-11-30 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!