Əvəz etmə ilə əlaqədar əmək haqqı hesablanması

İşçinin razılığı ilə özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, onu digər müvafiq peşələr (vəzifələr) üzrə işə və ya müvəqqəti işə çıxmayan işçini əvəz etməyə cəlb etmək olar.

Belə olduqda işçiyə əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir.

Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi.

Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyası tam və ya qismən icra oluna bilər. Belə hallarda onun əmək haqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.

Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi.

Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Misal. Vergilər üzrə mühasib hamiləlik və doğuma görə məzuniyyətə çıxması ilə əlaqədar olaraq onun işini bu müddət ərzində əsas vəsaitlər üzrə mühasib görəcəkdir. Əsas vəsaitlər üzrə mühasibin aylıq əmək haqqısı 1 300 manatdır, vergilər üzrə mühasibin aylıq əmək haqqısı isə 1 800 manatdır. Belə olduqda, əsas vəsaitlər üzrə mühasibin əmək haqqısına əlavə olaraq aylıq 500 manat ödəniləcəkdir.

Boş vəzifə üzrə işlərin görülməsinə görə haqqın ödənilməsi.

İşçi özünün razılığı ilə boş vəzifə üzrə işlərin icra edilməsinə cəlb oluna bilər. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Boş vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.

Misal. Müəssisədə vergilər üzrə mühasib vəzifəsi üzrə iş yeri boşdur. Əmək haqqı üzrə mühasib vergilər üzrə mühasibin əmək funksiyalarını yerinə yetirir. Əmək haqqı üzrə mühasibin əmək haqqısı 1 400 manat, vergilər üzrə mühasib vəzifəsində işləyən işçinin əmək haqqısı isə 1 500 manatdır. Belə olduqda, əmək haqqı üzrə mühasibin əmək haqqısına aylıq 750 manatdan az olmamaqla əlavə ödənilməlidir.

Əmək haqqına əlavə müəssisə rəhbərinin əmri əsasında hesablanır. Əmrdə işçinin əvəz edəcəyi peşə (vəzifə), görüləcək işlərin həcmi və müddəti və əmək haqqına əlavənin miqdarı qeyd edilir.

Əmr aşağıdakı formada tərtib edilə bilər:

Vəzifələrin əvəz edilməsi və işçilərin müvəqqəti əvəzetməsi ilə əlaqədar Əmr

Yazı sonuncu dəfə 2019-02-01 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!