Məzuniyyətlərin növləri və sənədləşdirilməsi

Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

İşçilərə ödənişli əsas məzuniyyət il ərzində 21 təqvim günündən az olmayaraq verilməlidir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın.

Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır:

  1. qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra;
  2. 18 yaşına çatmamış işçilərin;
  3. müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin;
  4. əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin;
  5. hərbi qulluqçu arvadının (ərinin);
  6. təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
  7. əlillərin.

İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.

Məzuniyyət növləri

İşçilərə aşağıdakı məzuniyyət növləri verilə bilər:

Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Məzuniyyətin sənədləşdirilməsi

Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Ərizədə məzuniyyət növü və məzuniyyət dövrü qeyd edilir.

İşçilərə verilən məzuniyyətlərin növbəliliyi müəssisə rəhbərliyinin təsdiq etdiyi növbəlilik cədvəlləri (məzuniyyət qrafiki) əsasında verilir. Məzuniyyət qrafiki hər il yanvarın sonunadək tərtib edilir, və həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

"Məzuniyyətin verilmə Əmr"-i əsasında mühasib məzuniyyət haqqını hesablamalı və məzuniyyət haqqının hesablanması vərəqini hazırlamalıdır.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Bu səbəbdən də ərizə də işçi tərəfindən 5 gün əvvəl təqdim edilməlidir.

İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.

İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.5 maddəsinə əsasən

- vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

Yazı sonuncu dəfə 2020-09-07 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!