Ödənişsiz məzuniyyət

Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

Ödənişsiz məzuniyyətlərin növləri

Ödənişsiz məzuniyyətlər aşağıda qeyd edilmiş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

  1. həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək;
  2. arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək;
  3. 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək;
  4. əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək;
  5. müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək;
  6. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə - 14 təqvim gününədək;
  7. insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək;
  8. doktoranturada, təhsil alan işçilərə - 1 təqvim ayınadək;
  9. ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə - 14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü;
  10. ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək;
  11. ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
  12. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək;
  13. ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək.

Beləliklə, işçi xahiş edərsə işəgötürən ona yuxarıda qeyd edilən günlər qədər ödənişsiz məzuniyyət günləri verməlidir. Lakin, işçi bundan artıq məzuniyyət günü ilə xahiş edərsə, yalnız işşəgötürənin razılığı ilə ona 6 aydan çox olmayan məzuniyyət verilə bilər.

Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

Yazı sonuncu dəfə 2019-05-10 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!