Yaradıcılıq məzuniyyəti

İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona verilən arayış əsasında istifadə edir.

İşləməklə yanaşı doktoranturada(adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.

Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.

Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir.

Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.

Yaradıcılıq məzuniyyəti almaq üçün işçi müəssisə rəhbərliyinə ərizə ilə müraciət edir. Eyni zamanda, işçi təhsil müəssisəsindən arayış təqdim etməlidir (misal üçün, doktoranturada təhsil aldığı barədə).

Aşağıda ərizə nümunəsi ilə tanış ola bilərsiniz:

Ərizə nümunəsini yükləmək.

Daxil olunmuş işçinin ərizəsi əsasında müəssisə rəhbəri tərəfindən əmr verilir. Əmrin nümunəvi forması ilə aşağıda tanış ola bilərsiniz:

Əmr nümunəsini yükləmək.

Misal

Müəssisədə çalışan işçi Azərbaycan Dövlət İqtisad Universitetində doktoranturada təhsil alır. AR Əmək Məcəlləsinə əsasən ona hər tədris ilində 30 təqvim günü ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər. İşçinin aldığı əmək haqqı 950 manatdır. İşçi may ayında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Bu zaman, işçiyə hesablanan yaradıcılıq məzuniyyət haqqı olacaq:

950 manat / 31 gün (may ayında gün sayı) * 30 = 919.35 manat


Misal

Müəssisədə çalışan işçi Təhsil Nazirliyi tərəfindən sifariş olunan "İqtisadi biliklər" dərsliyinin yazılması üçün 3 aylıq yaradıcılıq məzuniyyətinə çıxmaq istəyir. İşçinin aldığı əmək haqqı 750 manatdır. İşçi may, iyun və iyul aylarında yaradıcılıq məzuniyyəti götürmək istəyir. Bu zaman, işçiyə hesablanan yaradıcılıq məzuniyyət haqqı olacaq:

750 manat * 3 ay = 2 250 manat



Normativ-hüquqi aktlar:

AR Əmək Məcəlləsi, Maddələr: 122

Yazı sonuncu dəfə 2019-04-16 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!