Ezamiyyət

Təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.

Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır.

İşçilərin ezamiyyə qaydaları "İşçilərin Ezamiyyə Qaydaları" Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012 tarixli N Q-01 saylı Qərarı ilə tənzimlənir.

Ezamiyyətə yalnız əmək müqaviləsi bağlamış işçi göndərilə bilər.

Xidməti müqavilə bağlamış işçi ezamyyyətə göndərilə bilməz. Xidməti müqavilə bağlamış işçiyə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün göndərilən zaman verilən pullar onun müqavilə əsasında gəlirinin bir hissəsi hesab edilir.

İşçini ezamiyyətə göndərərkən nəzərə almaq lazımdır ki:

  • Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yol verilmir.
  • Yaşı 18-dən az olan işçiləri ezamiyyətə göndərilməsi qadağandır.
  • 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.

Ezamiyyətdə olduqda işçinin iş rejimi qrafiki.

Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir.

İşçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilir.

İstirahət və ya iş günü hesab edilməyən bayram gününləri işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi qaydasına buradan baxa bilərsiniz.

Əgər işçi ezamiyyətə istirahət və ya bayram gününləri göndərilərsə, o zaman, ona ezamiyyətdən qayıtdıqdan sonra ərizəsi əsasında növbəti gün istirahət verilir. Bundan başqa, işçinin ezamiyyətə göndərilməsi əmrində qeyd edilməlidir ki, işçi xidməti (istehsalat) ehtiyaclara görə istirahət günü ezamiyyətə göndərilir.

Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. Orta əmək haqqının hesablanması qaydasına bu linkdən baxa bilərsiniz.

Ezamiyyətin ödənilməsi

Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir.

Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdənnəqliyyat xərclərindən ibarətdir.

Ezamiyyə xərclərinin 1 günlük normasına

  • gündəlik,
  • mehmanxana,
  • rabitə,
  • şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və
  • digər xidmətlərlə bağlı xərclər daxildir.

Ezamiyyə xərclərinin normaları "Ezamiyyə xərclərinin normaları" haqqında AR Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmişdir.

Belə ki, AR Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilibdir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i miqdarında ödənilir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Nəqliyyat xərcləri ilə bağlı təsdiqedici sənədlər itirildiyi təqdirdə, bileti satmış təşkilat tərəfindən biletin həqiqətən həmin şəxsə satılmasını təsdiq edən rəsmi sənəd (arayış) ödəniş üçün əsas götürülür.

Normadan artıq olan xərclər, əsaslı olarsa, müəssisə tərəfində ezamiyyətə göndərilmiş işçiyə ödənilir. Normadan artıq olan xərclər mühasibat uçotunda müəssisənin xərclərinə aid edilsədə, vergi uçotunda xərclərə aid edilmir.

AR Vergi Məcəlləsinə əsasən:

109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla).

Təftiş və yoxlamalarla əlaqədar olaraq ezamiyyət müddəti təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə təftiş və yoxlama qurtarana qədər artırılır.

Quraşdırma, sazlama və tikinti işlərinin yerinə yetirilməsi üçün göndərilən fəhlələrin, rəhbər və mütəxəssislərin ezamiyyət müddəti müvafiq işlərin görülməsi müddətindən asılı olaraq müəyyən edilir.

İşçini ezamiyyətə göndərməkdən öncə müəssisə rəhbəri "İşçinin ezamiyyətə göndərilməsi Əmri"-ni verir.

Yazı sonuncu dəfə 2019-04-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!