Tələb olunan sənədlər

Əmək müqaviləsi bağlanarkən işçi aşağıdakı sənədləri təqdim etməlidir:

  • ərizə;
  • əmək kitabçası;
  • şəxsiyyətini təsdiq edən sənədi;
  • dövlət sosial sığorta şəhadətnaməsini;
Əmək kitabçasını və dövlət sosial sığorta şəhadətnaməsini ilk dəfə əmək fəaliyyətinə başlayanlar təqdim etmirlər. Bu sənədlər müəssisə tərəfindən ilk dəfə işə başlayan işçiyə verilir.

Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz.

Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd (diplom, şəhadətnamə, sertifikat və s.) təqdim edilir.

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı AR Nazirlər Kabinetinin 03.01.2000-ci il tarixli 1 N-li Qərarı ilə təsdiq edilib.

Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.

Əmək münasibətlərinə girən işçidən AR Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

AR Əmək Məcəlləsində işə gəbul olunmaq istəyən işçinin ərizə ilə müraciət etməsi barədə tələb olmasa da, ərizənin yazılması məqsədəuyğundur.

İşçinin işə gəbul edilməsi üçün ərizə aşağıdakı kimi ola bilər:

İşçinin işə gəbul edilməsi üçün ərizəni yükləmək.

Bundan başqa, kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Əvəzçilik qaydasında əmək müqaviləsi bağlayarkən aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə;
  • şəxsiyyətini təsdiq edən sənəd;
  • dövlət sosial sığorta şəhadətnaməsi;
  • təhsili barədə müvafiq sənəd (diplom, şəhadətnamə, sertifikat və s.) (zəruri sayılan hallarda);
  • sağlamlığı haqqında tibbi arayış (zəruri sayılan hallarda);
İşçinin əmək kitabçası əsas iş yerində saxlanılır, və əvəzçiliklə işləyən iş yerinə təqdim edilmir.


Yazı sonuncu dəfə 2018-09-19 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!