Dəfn üçün müavinət

Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.

Dəfn üçün müavinət almaq hüququ olan şəxslər

Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.

Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.

Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə vəya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.

Müavinətin təyin edilməsi və verilməsi

Qanunvericilikdə dəfn üçün müavinət almaq hüququ olan şəxslərə DSMF orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən DSMF orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına DSMF-nun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur.

Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır.

Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir.

Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən DSMF orqanına məktubla müraciət etməlidir. Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal DSMF orqanlarına təqdim etməlidir.

Beləliklə sığortaedən DSMF-na aşağıdakı sənədləri təqdim etməlidir:

  • DSMF-na məktub;
  • Potokolun sürəti;
  • Müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı);
  • Ölüm haqqında arayış;
  • Öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə Bələdiyyə tərəfindən verilmiş arayış;
  • Haqq-hesab cədvəli.

Haqq-hesab cədvəlini buradan yükləyin.

DSMF orqanları 2 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı DSMF orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.

Dəfn üçün müavinətin əhaliyə çatdırılması xərcləri DSMF vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

DSMF-nun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.

Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən DSMF-nun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.

Dəfn üçün müavinətin miqdarı

Sığortaolunanlarda dəfn üçün müavinətin məbləği 01.04.2019 tarixindən 300 manat müəyyənləşdirilmişdir.

Qeyd:

Dövlət tərəfindən ödənilən müavinətlər, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına dəfn üçün ödənilən müavinət gəlir vergisinə cəlb olunmur.

Eyni zamanda, əmək haqqı olmayan ödəmələr (müavinətlər) işsizlikdən sığorta haqqına cəlb olunmur.

Lakin, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında işəgötürənin qərarı ilə ödənilən müavinətdən ödəmə mənbəyində ümumi qaydada muzdlu işlə əlaqədar gəlir vergisi tutulmalıdır.

Əmək pensiyaçısı vəfat etdikdə isə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin (01.02.2023 tarixindən 280 manat) 3 misli məbləğində dəfn üçün müavinət verilir - 840 manat.

Yazı sonuncu dəfə 2023-11-30 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!