Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə gəbulu

18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbivətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir.

Vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

Daxili əmək bazarının tələbatı nəzərə alınmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına əmək miqrasiyasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məhdudiyyət qoyula bilər.

Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.

Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.

Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasında işə cəlb edə bilərlər.

İşəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.

Bir iş icazəsi ilə əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər, və bu iş icazəsi başqa müəssisələrdə işləməyə ona icazə vermir.

Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanılmasına yol verilmir.

İşə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən götürülərək saxlanılması qadağandır.

İş icazəsi almaq üçün işəgötürən müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

  • nümunəsi Dövlət Miqrasiya Xidməti tərəfindən təsdiq edilən ərizə-anket;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti;
  • işəgötürən:
    • hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
    • fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

İş icazəsi ilə bağlı müraciətlərə baxılması

İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron müraciət formasında təqdim edilə bilər. Təqdim olunmuş sənədlərdə çatışmazlıq, uyğunsuzluq və digər nöqsanlar aşkar edildikdə, AR Dövlət Miqrasiya Xidməti işəgötürənə bu barədə yazılı məlumat verir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır.

AR Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə tələb olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.

Nazirlik 5 iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Nazirlik tərəfindən həmin müddət ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir.

İş icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir

İş icazəsinin müddəti və həmin müddətin uzadılması

İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər.

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir.

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

  • nümunəsi Dövlət Miqrasiya Xidməti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

İş icazəsinin müddətinin uzadılması bu Məcəllənin 67-ci maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.

İş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edildikdən sonra müddəti uzadılmış iş icazəsi işəgötürənə təqdim edilir.

İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilmədikdə və ya əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, Dövlət Miqrasiya Xidməti iş icazəsini ləğv edir.

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə şağıdakı məbləğdə dövlət rüsumu ödənilməlidir:

  • 3 ayadək - 350 manat;
  • 6 ayadək - 600 manat;
  • 1 ilədək - 1000 manat.

Əmək müqaviləsi pozulduqda iş icazəsinin qüvvədən düşməsi

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir.

Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir.

Aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur:

  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;
  • Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;
  • diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;
  • beynəlxalq təşkilatlarda işləyənlərə;
  • beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;
  • müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;
  • kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;
  • dənizçilərə;
  • ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;
  • incəsənət işçilərinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;
  • dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;
  • xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;
  • Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun;
  • qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;
  • himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olanlara;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı AR Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan məsələlər AR Əmək Məcəlləsi ilə tənzimlənir.

İşəgötürənlər tərəfindən əməkçi miqrantların hüquqlarının təmin edilməsinə nəzarəti Dövlət Miqrasiya Xidməti həyata keçirir.

Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə AR Əmək Məcəlləsi ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.

Yazı sonuncu dəfə 2019-01-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!