Uşağa qulluğa görə müavinət

3 yaşı tamam olanadək uşağa qulluq sosial sığorta hadisəsi hesab olunur və uşağa qulluğa görə müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür.                                                           

AR Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər.

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət almaq hüququ vardır.

Uşağa qulluğa görə müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri.

Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə hər uşaq 3 yaşına çatanadək qanunvericilikdə müəyyən olunmuş məbləğdə müavinət verilir.

Çernobıl qəzası nəticəsində şüa xəstəliyinə tutulmuş, bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslərə uşağa qulluq üzrə qismən ödənişli məzuniyyət üçün müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinətdən 2 dəfə artıq məbləğdə ödənilir.

Uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir.

Uşağın üç yaşı tamam olanadək ona qulluq edilməsinə görə haqqı qismən ödənilən məzuniyyət qadına hamiləliyə və doğuma görə məzuniyyətin başa çatdığı günün sonrakı günündən başlayaraq təqdim olunur. Bu zaman həmin məzuniyyət qadına onun arzusuna görə tam və ya hissə-hissə təqdim oluna bilər.

Ananın stasionarda müalicə olunması ilə əlaqədar uşağa qulluq edə bilməməsi hallarında da uşağa qulluq edilməsinə görə məzuniyyət həmin qaydada rəsmiləşdirilir. Bu zaman müavinət uşağın anasına verilməyən müddət üçün faktiki ona qulluq edənə ödənilir.

Əgər qadın uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır.

Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.

Müəyyən olunmuş qaydada övladlığa götürülmüş uşaqlara qulluq edilməsinə görə müavinət ümumi əsaslarla verilir.

Əgər uşaq məktəbəqədər uşaq müəssisəsində (körpələr evi, uşaq bağçası) yerləşdirilmişdirsə, belə hallarda məzuniyyət təqdim edilmir və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət təyin edilmir.

Üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət dövründə müəssisənin ləğv edilməsi ilə əlaqədar işdən azad olan qadınlara uşağa qulluq edilməsinə görə müavinət rəsmiləşdirilmiş müddət üçün verilir.

Müavinətin təyin edilməsi və verilməsi.

Qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluğa görə müavinət sığortaolunanlara DSMF orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən DSMF orqanlarına müraciət olunan tarixə qanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına DSMF rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.

Müavinət işçinin iş yeri üzrə (əmək kitabçasının olduğu yerdə) müdiriyyətin müavinət təyin edən komissiyası və ya komissiyanın səlahiyyət verilmiş üzvü tərəfindən təyin edilir.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinət almaq üçün müdiriyyətin müavinət təyin edən komissiyasına uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamdan) çıxarışuşağın doğum haqqında şəhadətnaməsinin sürəti təqdim olunmalıdır.

Müdiriyyətin müavinət təyin edən komissiyası məzuniyyət verilməsi barədə qərara əsasən, uşağın üç yaşı tamam olana qədər ona qulluq etmək üçün məzuniyyət müddətinə müavinət təyin olunması haqqında komissiyanın iclas protokolunda qeyd edilməklə qərar qəbul edir.

Tam olmayan ay üçün müavinət ananın məzuniyyətdə olduğu həmin aydakı təqvim günlərinə mütənasib qaydada verilir.

Uşağın öldüyü hallarda, işəgötürən tərəfindən ona bu barədə məlumat daxil olduğu gündən sonra 1 iş günü ərzində qeydiyyatda olduğu DSMF orqanına bu barədə məlumat verilir və müavinətin verilməsi ölən gündən sonrakı gündən dayandırılır.

Uşağa qulluq edilməsinə görə müavinətdən icra sənədləri üzrə tutulmalar aparılır.

Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən DSMF orqanına məktubla müraciət etməlidir.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün DSMF orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir. Haqq-hesab cədvəlini yükləmək.

Sığortaedən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrinin verildiyi aydan sonrakı ayın 5-dək verilən məktubu DSMF orqanlarına təqdim etməlidir.

Beləliklə, sığortaedən uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə işçinin müavinətin alınması üçün DSMF orqanlarına aşağıdakı səbədləri təqdim edilməlidir:

  • Müdiriyyətin əmrindən (sərəncamdan) çıxarış;
  • Uşağın doğum haqqında şəhadətnaməsinin sürəti;
  • Protokol;
  • Haqq-hesab cədvəli;
  • Məktub.

Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə müavinətin alınması üçün uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarış və uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunmalıdır.

DSMF orqanları 5 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı DSMF orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.

Sosial sığorta ödəmələrinin ödənilməsi üçün DSMF orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.

Müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır.

Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.

Uşağa qulluğa görə müavinətin miqdarı.

Bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat miqdarında müəyyən edilmişdir.

Qeyd: Dövlət tərəfindən ödənilən müavinətlər, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına Uşağa qulluğa görə ödənilən müavinət gəlir vergisinə cəlb olunmur.

Eyni zamanda, əmək haqqı olmayan ödəmələr (müavinətlər) işsizlikdən sığorta haqqına cəlb olunmur.



Yazı sonuncu dəfə 2020-06-11 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!