Mükafatlar

AR Əmək Məcəlləsinin 157.6 maddəsinə əsasən:

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

İşçilərə müəssisə tərəfindən verilən mükafatlar 2 cür ola bilər:

  • Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar (stimullaşdırıcı xarakter daşıyan)
  • Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar. Müəssisənin rəhbərliyinin qərarı əsasında birdəfəlik mükafatlar-hədiyyələr (sosial xarakter daşıyan).
Əmək müqaviləsində əks olunan əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar.

AR Əmək Məcəlləsinin 157.2-ci maddəsinə görə, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin müxtəlif formalarını tətbiq edə bilər.

Belə olduqda, müəssisədə təyin edilən mükafatlandırma sistemi əvvəlcədən müəyyən edilmiş göstəricilər və şərtlər əsasında müəyyən şəxslərə mükafatların verilməsini nəzərdə tutmalıdır.

Əmək müqaviləsində əks olunmayan və əmək haqqı sistemi ilə nəzərdə tutulmayan mükafatlar.

AR Əmək Məcəlləsinin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilə bilər.

Bundan başqa, işəgötürən bayramlarda, işçilərin ad günlərində və s. hallarda işçilərə pul şəklində mükafatlar, və ya qiymətli əşyalar hədiyyə edə bilər.

Birdəfəlik mükafatların kimə, hansı məbləğdə və hansı formada verilməsi müəssisə rəhbərinin əmri ilə təsdiq edilir. Əmrdə işçinin müəssisənin işində tövhəsi barədə, işçinin işlədiyi bölmənin nəticələri, müəssisənin nəticələri barədə qeyd edilir.

İşçilər əmək müqaviləsində qeyd edilən müəyyən göstəricilər və şərtlər əsasında təyin edilmiş mükafatları işəgötürəndən tələb edə bilərlər. İşəgötürən isə bu mükafatları ödəməyə borludur

Əmək müqaviləsində qeyd edilməyən birdəfəlik mükafatlar isə işəgötürənin qərarı əsasında təyin edilir və verilir. Və işçi bu cür mükafatları işəgğtürəndən tələb edə bilməz.

Mühasibat uçotu.

Müəssisənin fəaliyyətinin həyata keçirilməsi zamanı işçi heyətinin mükafatlandırılması ilə əlaqədar ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar 533 N-li "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabında əks etdirilir.

İşçilərə hesablanmış mükafatların və hədiyyələrin məbləği mühasibat uçotunda aşağıdakı kimi uçota alına bilər:

  • müəssisənin xərclərinə aid etməklə;
  • sair xərclərə aid etməklə;
  • müəssisənin mənfəəti hesabına aid etməklə.

Müəssisədə qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə istehsal sahəsində işləyən işçilərə ödənilən mükafatlar birbaşa xərclərə aid edilir. Əgər mükafatlar əsas vəsaitlərin tikintisi və ya inşası ilə bağlıdırsa, o zaman, işçilərə ödənilən mükafatlar əsas vəsaitin ilkin dəyərinə daxil edilərək kapitallaşdırıla bilər.

İşçilərə hesablanan mükafatlar qeyri-istehsal nəticələri ilə bağlıdırsa (misal üçün, ictimai fəaliyyət, idman yarışlarının və işçilərin istirahətinin təşkili, ad günləri və bayramlarda olan hədiyyələr və s.), o zaman, onların məbləğini mühasibat uçotunda (DİQQƏT! Vergi uçotunda deyil!) müəssisənin sair xərclərinə aid etmək olar.

Vergi uçotu.

Vergi uçotunda mükafatlar ilə bağlı əsasən 2 vacib məsələ ortaya çıxır: mükafatların müəsissənin xərclərinə aid edilməsi və mükafatların fiziki şəxslərin gəlir vergisinə cəlb edilməsi.

Mükafatların müəsissənin xərclərinə aid edilməsi

Vergi uçotunda işçilərə verilən mükafatların gəlirlərin əldə olunması ilə bağlı xərclərə aid edilməsi məsələsinə diqqət etmək lazımdır.

AR Vergi Məcəlləsinin 108-ci maddəsinə görə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. Buradan əsas sual meydana gəlir: "İşçilərə hesablanan və ödənilən mükafatlar gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid etmək olarmı?"

Qeyd edək ki, AR Əmək Məcəlləsinin 157-ci maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Bundan başqa, maddədə mükafatın anlayışı da bu cür verilibdir:

Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

AR Əmək Məcəlləsinin 158. "Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları" maddəsinə görə:

Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir.

Bundan başqa, AR Əmək Məcəlləsinin 185-ci "Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması" maddəsinə görə "Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə mükafatlandırıla bilər". Bu maddədə deyilir ki, işçi mükafatlandırıla bilər, burada heç bir məhdudiyyət yoxdur, lakin, bu cür mükafatlandırma kollektiv və ya əmək müqaviləsində qeyd edilməyibsə və gəlirin əldə edilməsi ilə bağlı deyilsə, onları müəssisənin xərclərinə aid etmək olmaz.

Buradan nəticə çıxarda bilərik ki, mükafatlar müəssisənin xərclərinin tərkibinə o zaman daxil olacaqdır ki, əgər onlar işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada öz əksini tapsın. Yalnız yuxarıdakı formada olan mükafatları müəssisənin xərclərınə daxil etmək olar. Yanı, işçilərə mükafatlar barədə müvafiq qeydlər mütləq kollektiv müqavilələrdə və ya əmək müqavilələrində olmalıdır.

Əks hallarda, əmək qanunvericiliyinin tələblərinə riayət etmədən verilən mükafatlar, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə olsa belə, sosial xarakterli xərc kimi dəyərləndirilərək gəlirdən çıxılmır. Bu cür xərclər müəssisənin mənfəəti hesabına ödənilir.

Misal. İşçilərə verilən mükafatlar.

Müəssisə Ramazan bayramı ilə əlaqədar işçilərinə 50 AZN miqdarında kupon veribdir, və eyni zamanda, müəssisədə çalışan bəzi işçilərə istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yüksək olmasına görə, onlar ilə bağlanılan əmək müqavilələrində qeyd olunduğu kimi, ilin sonunda aylıq əmək haqqlarının 100% miqdarında mükafat veribdir.

Burada olan Ramazan bayramı ilə bağlı olan xərclər sosial xarakter daşıyır, və müəssisənin xərclərinə aid edilə bilməz, və müəssisənin mənfəəti hesabına ödənilir. Bəzi işçilərə verilən əmək haqqlarının 100% miqdarında olan mükafat isə, əmək qanunvericiliyinin tələblərinə cavab verir və əmək müqaviləsində əks olunduğu üçün müəssisənin xərclərinə aid edilə bilər.

İşəgötürən tərəfindən işçilərə verilən mükafatların fiziki şəxslərin gəlir vergisinə cəlb edilməsi

AR Əmək Məcəlləsinin 154-cü maddəsinə görə

Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

AR Vergi Məcəlləsinin 98.1-cü maddəsinə görə "Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir — əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir." Beləliklə, mükafat şəklində işçilərə işəgötürən tərəfindən verilən əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda muzdlu işlə əlaqədar alınan gəlirin tərkib hissəsi kimi ümumi qaydada gəlir vegisinə cəlb olunur.

Beləliklə, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yüksək olmasına görə mükafatlar və ya bayram günü münasibəti ilə işçiyə verilən mükafatlar, hamısı muzdlu işdən alınan gəlir hesab edilir, və ümumi qaydada gəlir vegisinə cəlb olunur

Lakin, AR Vergi Məcəlləsinin 102.1.3 maddəsinə görə təqvim ili ərzində fiziki şəxslərin aldıqaları hədiyyə, maddi yardım, birdəfəlik müavinətlər aşağıdakı hissələrdə fiziki şəxslərin gəlir vergisindən azaddır:

  • hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi;
  • xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi.
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun. Əks halda, bu məbləğlər fiziki şəxslərin gəlir vergisinə cəlb ediləcəklər.

Beləliklə, buradan belə bir nəticə çıxarda bilərik ki, işçilərə əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən mükafatlar işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada öz əksini tapıbsa, tam olaraq fiziki şəxslərin gəlir vegisinə cəlb edilir.

Eyni zamanda, işçilərə verilən sosial xarakterli mükafatlar, misal üçün, bayram ilə əlaqədar verilən hər-hansı hədiyyə, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəliri hesab edilir, və fiziki şəxslərin gəlir vergisinə cəlb edilir. Lakin, bu hədiyyələrin 1000 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır.

Misal. İşçilərə verilən mükafatlar və fiziki şəxslərin gəlir vergisi.

Müəssisə Ramazan bayramı ilə əlaqədar işçilərinə 50 AZN miqdarında kupon veribdir, və eyni zamanda, müəssisədə çalışan bəzi işçilərə istehsalın səmərəliliyinin və işin keyfiyyətinin yüksək olmasına görə, onlar ilə bağlanılan əmək müqavilələrində qeyd olunduğu kimi, ilin sonunda aylıq əmək haqqlarının 100% miqdarında mükafat veribdir.

Burada olan Ramazan bayramı ilə bağlı olan hədiyyə sosial xarakter daşıyır və muzdlu işlə əlaqədar alınan gəlir hesab edilir, və fiziki şəxslərin gəlir vergisinə cəlb edilir. Lakin, bu hədiyyələrin təqvim ili ərzində 1000 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır.

Bəzi işçilərə verilən əmək haqqlarının 100% miqdarında olan mükafat isə, əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti olduğu üçün fiziki şəxslərin gəlir vergisinə ümumi qaydada cəlb edilir.



Yazı sonuncu dəfə 2018-12-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!