Yol vergisinin tutulması.

A. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda AR Nazirlər Kabinetinin 15.07.2016-cı il tarixli "Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası"nın qərarında müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:

  • dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
  • xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

B. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Yazı sonuncu dəfə 2018-05-21 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!