Gəlirdən çıxılan xərclər

Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd: xərclər iqtisadi cəhətdən əsaslandırılmalı və sənədlərlə təsdiqlənməlidir.

Sahibkarlıq fəaliyyəti yalnız əyləncə və ya sosial xarakteri daşıyan müəssisələrin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Hüquqi şəxs tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Misal.

Hüquqi şəxs ticarət fəaliyyəti və eyni zamanda da iri və xırda buynuzlu heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. AR Vergi Məcəlləsinin 106.1.14 maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı mənfəət vergisindən azaddır.

Hüquqi şəxsin il ərzində ticarətdən gəliri 150 000 manat, kənd təsərrüfatından gəliri isə 50 000 manat təşkil etmişdir. Hüquqi şəxsin çəkdiyi 15 000 manatlıq bəzi xərclər hər iki fəaliyyət növünə aiddir və onların fəaliyyətlər növləri üzrə bölüşdürülməsi mümkün deyil.

Bu səbəbdən də, AR Vergi Məcəlləsinin 108 maddəsinə əsasən, ilk öncə vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisini müəyyən etmək lazımdır:

150 000 / 200 000 = 75%

Beləliklə, bölüşdürülməsi mümükün olmayan xərclərin gəlirdən çıxılan məbləği olacaqdır:

15 000 * 75% = 11 250 manat (bu məbləğ hüquqi şəxsin xərclərinə aid edilə bilər)

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.

Faiz xərcləri.

Gəlirdən faizlər üzrə çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 110.

Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə AR Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Misal

Transfer qiyməti tətbiq edilən şəxslərdən alınmış borclar üzrə əməliyyatlara Tranfer qiyməti əsas götürülməklə aparılır.

Bundan başqa, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) 2 dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Lakin, bu şərt rezident banklara və kredit təşkilatlarına aid edilmir.

Misal

Ümidsiz borclar.

Ümidsiz borcların gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 111.

Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.

Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Ümidsiz kimi aşağıda qeyd edilən borclar tanına bilər:

  • iddia müddəti keçmiş borclar;
  • hesabat tarixinə ləğv edilmiş hüquqi şəxsin borcu;
  • borcun qaytarılnasına dair iddia məhkəmə tərəfindən rədd edilibsə.

Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə uyğun olaraq AR Mərkəzi Bankının müəyyən etdiyi qaydada aktivlərin təsnifatından asılı olaraq yaratdıqları xüsusi ehtiyatları vergitutma məqsədləri üçün AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.

Ehtiyat sığorta fondlarına ayırmalar (sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər üçün).

Ehtiyat sığorta fondlarına ayırmaların gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 112.

Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər.

Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 113.

Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə kapital xarakterli digər xərclər istisna olmaqla) gəlirdən çıxılır.

Amortizasiya xərcləri.

Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər. AR Vergi Məcəlləsi, Maddə: 114.

İlin sonuna qalıq dəyəri əsasında hesablanmış əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılır. Əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlərdir.

Torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər) və aşağıda qeyd edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur:

  • elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər;
  • məhsuldar heyvanlar (damazlıq inəklər, camışlar, madyanlar, dəvələr, marallar, donuzlar, qoyunlar, keçilər, döllük buğalar, kəllər, ayğırlar, nərlər, qabanlar, qoçlar, təkələr və bunlar kimi digər məhsuldar heyvanlar);
  • heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları;
  • istismar vaxtı çatmayan çoxillik əkmələr;
  • kitabxana fondları, kinofondlar (video, audio, foto), səhnə rekvizitləri, muzey sərvətləri (eksponatları);
  • tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda;
  • konservasiya edilmiş əsas vəsaitlər;
  • ümumi istifadədə olan avtomobil yolları;
  • ümumi istifadədə olan parklardakı avadanlıqlar;
  • istismara verilməmiş anbarda olan əsas vəsaitlər.

Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

  • torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular — 7%-dək;
  • maşınlar və avadanlıq — 20%-dək;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə — 25%-dək;
  • nəqliyyat vasitələri — 25%-dək;
  • iş heyvanları — 20%-dək;
  • geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər — 25%-dək;
  • qeyri-maddi aktivlər — istifadə müddəti məlum olmayanlar üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
  • digər əsas vəsaitlər — 20%-dək;

Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını yuxarıda qeyd edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər

Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını yuxarıda qeyd edilən amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Lakin, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək nəzərdə tutulan amortizasiya normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal

Binalar, tikililər və qurğular (bundan sonra tikililər) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

      
  • əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.
  • Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir.
  • İlin sonuna əsas vəsaitin qalıq dəyəri 100 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.
  • Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ, həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən azdırsa, yaranmış fərq gəlirdən çıxılır.
  • Bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.

Təmirlə bağlı xərclər.

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 115.

Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır. Faiz dərəcələri aşağıda göstərilib:

  • binalar, tikintilər və qurğular — ilin sonuna qalıq dəyərinin 2 faizi;
  • maşınlar, avadanlıq və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası — ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • nəqliyyat vasitələri — ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • digər əsas vəsaitlər — ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə - 0 faiz.

Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Lakin, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək nəzərdə tutulan təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal

Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər (torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər istisna olmaqla) gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

Torpaqların yaxşılaşdırılmasına çəkilən xərclər kapitallaşdırılaraq amortizasiya olunur.

İcarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıda müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır .

Əsas vəsaitlərin təmirinin vergi uçotunda daha bir vacib məqamı ondan ibarətdir ki, Vergi Məcəlləsində vergitutma məqsədləri üçün təmir məsrəflərinin əsaslı və ya cari təmir olmasından asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilmiş məsrəflər təmir xərclərinə aid edilir.

Bu səbəbdən əsas vəsaitlərin cari təmiri, misal üçün, nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi və ona texniki qulluğun (yağ, şin dəyişmə və s.) göstərilməsi ilə bağlı çəkilən xərclər təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərini artırır.

Sığorta haqları.

Sığorta haqlarının gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 116.

Sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır, lakin burada 2 istisna halı var:

  • Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanmasına aid olan ödənişlər gəlirdən çıxılmır.
  • Xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları gəlirdən çıxılmır.

Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır. Nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.

Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər.

Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərin gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 117.

Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi ilə (25%) hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
Bu maddə vergi ödəyicisinin geoloji-kəşfiyyat işlərini aparmaq və təbii ehtiyatları emal, yaxud istismar etmək hüquqlarını əldə etmək üçün qeyri-maddi aktivlərə çəkdiyi xərclərə də tətbiq olunur.

Qeyri-maddi aktivlərə çəkilən xərclər.

Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması. AR Vergi Məcəlləsi, Maddə: 118.

Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər qeyri-maddi aktivlərə aiddir.
Qeyri-maddi aktivlərə çəkilən xərclər Vergi Məcəlləsinin ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.
Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.

Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması.

Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması. AR Vergi Məcəlləsi, Maddə: 119.

Aşağıdakı vergilərin, Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və maliyyə sanksiyalarının gəlirdən çıxılmasına yol verilmir:

  • Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi;
  • Ödənilmiş maliyyə sanksiyaları və AR Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər.

Əmlakın təqdim edilməsindən yaranan zərər

Əmlakın təqdim edilməsindən yaranan zərər. AR Vergi Məcəlləsi, Maddə: 120.

Fiziki şəxsin əmlakın təqdim edilməsindən (təsərrüfat fəaliyyəti üçün istifadə edilən əmlakdan və ya təqdim edilməsindən əldə olunan gəlirin vergidən azad edildiyi əmlakdan başqa) yaranan zərəri belə əmlakın təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir. Yaranmış zərər həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcək üç ilədək davam edən sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir.

Zərərin keçirilməsi

Zərərin keçirilməsi. AR Vergi Məcəlləsi, Maddə: 121.

Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Fiziki şəxsin — sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Yazı sonuncu dəfə 2023-11-23 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!