ƏDV: Vergitutma obyekti

ƏDV məqsədləri üçün vergitutma obyekti aşağıdakılardır:

  • malların təqdim edilməsi;
  • işlərin görülməsi;
  • xidmətlərin göstərilməsi;
  • Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi;
  • 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.
  • vergi tutulan idxal.
Qeyd - ƏDV məqsədləri üçün vergitutma obyekti deyil:
  • ƏDV məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaitləri və torpaq mal sayılmadıqlarına görə
  • Tranzit yük daşıması qaydasında, müvəqqəti idxal şəklində AR ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.
  • Azərbaycan Respublikası xaricində işlərin görülməsi və xidmətlərin göstərilməsi vergitutma əməliyyatlarına daxil deyil.
AR Vergi Məcəlləsi, Maddə: 13.2.10, 13.2.11

Malların təqdim edilməsi — mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə görə malların təqdim edilməsi - onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Qeyd: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

Əvəzli və ya əvəzsiz qaydada vergi ödəyicisi öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya alma hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya alma hüququna malikdirsə, belə mallardan qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Aşağıdakı hallarda malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılmır:

  • fövqəladə hallar;
  • qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdə;
  • təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr.

Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Misal

ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.

AR VM-nin 164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı və 164.1.20-164.1.25-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Müəssisənin təqdim edilməsi.

Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır.

Bu zaman müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Qeyd edilən müddəalar yalnız o halda tətbiq edilir ki, müəssisəni təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu müddəaların tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun. Əks halda həmin əməliyyat vergi tutulan əməliyyat sayılır

Bundan başqa, hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakların, habelə əmlak kompleksi şəklində müəssisələrin dövlət orqanlarına (qurumlarına) əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Misal

ƏDV-dən azad olan əməliyyatlar.

Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:

  1. Özəlləşdirmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi.
  2. Maliyyə xidmətlərinin göstərilməsi.
      Qeyd:
    • kreditlərin verilməsi, maliyyə lizinqi əməliyyatları, kredit və hər-hansı girov və lombard zəmanətlərinin verilməsi
    • müştərilərin depozitləri və hesablarının idarə edilməsi, ödəmələr, pul köçürmələri, borclarla və ödəniş vasitələri ilə bağlı əməliyyatlar
    • pulların qəbulu, kreditlərin verilməsi, xarici valyutanın alqı-satqısı
    • aksiyaların, obliqasiyaların, sertifikatların, veksellərin, çeklərin və sair qiymətli kağızların dövriyyəsi ilə bağlı əməliyyatlar
    • investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər
    • sığorta və təkrarsığorta əməliyyatları

    İnkassasiya xidmətləri, pulların, qiymətli kağızların və sair qiymətlilərin saxlanılması xidmətləri, seyflərin istifadə edilməsi, mühasibat sənədlərinin aparılması, kreditlərlə və mühasibat uçotu ilə bağlı konsultasiya, icarəyə vermə, əsas vəsaitlərin satışı və sair analoji əməliyyatlar maliyyə xidmətlərinə aid edilmir.

  3. Milli və xarici valyutanın (numizmatika məqsədlərindən başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi
  4. AR Mərkəzi Bankının və AR Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə AR Mərkəzi Bankının valyuta sərvətlərinin, xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının, yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı
  5. İdxal olunan əmlak istisna olmaqla müəssisənin Nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda);

    Misal

  6. Tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünüidarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu, icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
  7. AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı; İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin və həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın Siyahısı
  8. mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla);
  9. Dəfn və qəbiristanlığın mərasim xidmətləri;
  10. AR Mərkəzi Bankının və AR Dövlət Neft Fondunun qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi.
  11. Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan əmlakın və digər aktivlərin AR Dövlət Neft Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.
  12. Metropolitenlə sərnişindaşıma xidmətləri.
  13. Ödənişli təhsil xidmətlərinin göstərilməsi (digər fəaliyyətləri ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla).
  14. Bu Məcəllənin 106.1.9-106.1.11-ci maddələri ilə müəyyən olunan aktivlərin dəyəri və onların hər hansı şəkildə təqdim olunması üzrə əməliyyatlar;
  15. AR Prezidentinin qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;
  16. AR Prezidentinin qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə;
  17. hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi.
  18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr — 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  19. müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri və xüsusi proqram təminatları, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;
  20. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin AR Prezidentinin müəyyən etdiyi qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
  21. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
  22. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;
  23. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);
  24. xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);
  25. lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı;
  26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;
  27. buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-cı il yanvarın 1-dən 4 il müddətinə.
  28. AR Prezidentinin qərarına əsasən yaradılan sənaye parkında AR Prezidentinin müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə;
  29. damazlıq heyvanların idxalı və satışı;
  30. toxum və tinglərin idxalı və satışı;
  31. mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
  32. toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;
  33. kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;
  34. AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı;
    • kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi;
    • kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi;

    Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı;

  35. siyahısı AR Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalı;
  36. ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində AR Prezidentinin müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə;
  37. heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;

    Qeyd: kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

  38. mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları.
  39. sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı - 2020-ci il yanvarın 1-dən 5 il müddətinə;
  40. KOB klaster şirkəti tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən AR Prezidentinin müəyyən etdiyi orqanın (AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə.

    “KOB klaster şirkəti”nin meyarları

    Misal

  41. yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;
    • istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
    • elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;
  42. "Məşğulluq haqqında" AR Qanununa uyğun olaraq AR Prezidentinin müəyyən etdiyi orqan (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işçi qüvvəsinin təqdim edilməsi üzrə əməliyyatlar;
  43. kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə.
  44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;
  45. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;
  46. heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən siyahısı AR Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
  47. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr;
  48. siyahısı AR Prezidenti tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına AR Maliyyə Nazirliyi ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə;
  49. Azərbaycan Respublikasında keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi – 2018-ci il yanvarın 1-dən 6 il müddətinə;
  50. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslərin mülki aviasiya fəaliyyəti çərçivəsində hava gəmilərinin və hava gəmilərinin mühərriklərinin rezident hüquqi şəxslərə icarəyə və ya lizinqə verilməsi;
  51. "Tibbi sığorta haqqında" AR Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 3 il müddətinə.
  52. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə;
  53. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalı – 2021-ci il yanvarın 1-dən 2 il müddətinə;
  54. qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı – 2021-ci il yanvarın 1-dən 3 il müddətinə;
  55. külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı.
  56. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə.
  57. lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə xidmətlərin göstərilməsi.
  58. özəl baytarlıq xidmətlərinin göstərilməsi.


Yazı sonuncu dəfə 2023-03-03 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!