Sadələşdirilmiş vergi: Ümumi məlumat

Sadələşdirilmiş vergi kiçik və orta müəssisələr, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulubdur.

Sadələşdirilmiş vergi ödəyicisi kimlər ola bilər və kimlər ola bilməz, vergi dərəcələri, vergitutma obyekti, sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi AR Vergi Məcəlləsinin XVII-ci fəslində verilibdir.

Sadələşdirilmiş verginin ödəyiciləri

Sadələşdirilmiş vergi ödəyiciləri aşağıdakı şərtlərə cavab verən şəxslər ola bilər

I. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

II. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

Yuxarıda qeyd edilən müddəalardan asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:

Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

IV.ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyatdan keçməmiş və mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

IV. İdman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

V. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;

VI. Sabit vergi ödəyiciləri. Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, AR Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər.

VII. Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər.

Sadələşdirilmiş vergi ödəyiciləri müxtəlif fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

Kimlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər?

Sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur:

  • aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər;
  • kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları (bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir), investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
  • qeyri-dövlət pensiya fondları;
  • əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
  • AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;
  • mükiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (yuxarıdakı II, III, IV, V, VI və VII bəndlərdə göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1 000 000 manatdan artıq olan şəxslər.
  • publik hüquqi şəxslər;
  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
  • xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlər, aylıq sabit verginin ödəyiciləri olan fiziki şəxslər və Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla). Bu müddəalar icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir.;
  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
  • lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər (icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla).
Qeyd

Əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. İcbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda, həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır:

  • pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda;
  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda.

Vergitutma obyekti

Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (Vergi Məcəlləsinin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.

AR Vergi Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş vergi ödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir.

Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.

Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan torpaq sahələri vergitutma obyektidir.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir.

Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.

Azadolmalar və güzəştlər

Vergidən azaddır:

  • kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  • qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi;
  • AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;
  • mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:
    • fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
    • hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda
    • "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" AR Qanununa əsasən;
    • aktivlər ər və arvad arasında verildikdə;
    • aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;
    • fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi.
  • Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

    Bu güzəştin alınması hüququ müəyyən edilərkən, vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Misal


Yazı sonuncu dəfə 2022-10-20 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!