Aksizli mallar üzərində vergi nəzarəti, maliyyə sanksiyaları və faizlər

Aksizli mallar üzərində vergi nəzarəti

Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı malların siyahısı, həmin mallara aksiz markalarının tətbiqi qaydası AR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir.

Aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” AR Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına və ya məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, aksiz markaların və məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yolverilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinə 5 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları AR Vergilər Nazirliyi və həmin qaydaların tələblərini pozan şəxs AR İnzibati Xətalar Məcəlləsində və AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Aksiz markasının verilməsinə görə "Dövlət rüsumu haqqında" AR Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

AR İnzibati Xətalar Məcəlləsi

Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması

Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına görə -

- nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 150 manat məbləğində cərimə edilir.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş fiziki şəxslər üçün 5 000 manat, vəzifəli şəxsdən 10 000 manatdan, hüquqi şəxslər 50 000 manat məbləğindən artıq ola bilməz.

Qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olma

“Tütün və tütün məmulatı haqqında” AR Qanununda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə

- vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə edilir.

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan idxal edilməsi

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nişanlanmadan az miqdarda idxal edilməsinə görə -

aksiz markası və ya məcburi nişanı olmayan mallar müsadirə edilməklə fiziki şəxslər 80 manatdan 120 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

AR Cinayət Məcəlləsi

Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı.

Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə -

- 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

- eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;

Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nağd qaydada xeyli miqdarda, yəni 500 manatdan 2 000 manatadək olan məbləğdə satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda, yəni 500 manatdan 2 000 manatadək olan məbləğdə alma -

- 1 000 manatdan 2 000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada külli miqdarda, yəni 2 000 manatdan yuxarı olan məbləğdə törədildikdə -

- 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Saxta aksiz markalarının və məcburi nişanların dövriyyəsi

Saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan malları saxta aksiz markaları ilə markalama və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları saxta məcburi nişanlama ilə nişanlama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə etmə, saxlama və ya satma -

- 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Saxta aksiz markası ilə markalanmış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malları əldə edən, saxlayan və ya satan şəxs həmin malların digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.

Maliyyə sanksiyaları və faizlər

Aksiz bəyannaməsi və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan vaxtında təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Aksizli malların satış qiymətinə daxil edilən vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən ödənilməmiş vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Yazı sonuncu dəfə 2026-05-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2026.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!