Azərbaycan Respublikasında vergi sistemi

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

  1. dövlət vergiləri;
  2. muxtar respublika vergiləri;
  3. yerli vergilər (bələdiyyə vergiləri).

Dövlət vergiləri dedikdə, AR Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.

Dövlət vergiləri

Muxtar respublika vergiləri dedikdə, Naxçıvan Muxtar Respublikasında AR Vergi Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, AR Vergi Məcəlləsində və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.

Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Yerli vergilər

Azərbaycan Respublikasında AR Vergi Məcəlləsinə uyğun olaraq xüsusi vergi rejimimüvəqqəti vergi rejimləri tətbiq edilə bilər.

Xüsusi vergi rejimi dedikdə, müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Müvəqqəti vergi rejimi dedikdə, təbii fəlakətlərin, epidemiyaların, epizootiyaların, böyük ekoloji və başqa qəzaların, habelə qlobal iqtisadi mühitdə baş verən hadisələrin təsiri nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar bütün və ya bir qism sahibkarlıq subyektlərinə münasibətdə müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin müvəqqəti qaydası nəzərdə tutulur.

AR Vergi Məcəlləsi ilə nəzərdə tutulmayan vergilərin müəyyən edilməsinə yol verilmir.

Qeyd etmək lazımdır ki, həm dövlət vergiləri, həm yerli (bələdiyyə) vergilər, həm Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər AR Vergi Məcəlləsi əsasında müəyyən edilir, lakin müvafiq büdcələrə ödənilir.

Beləliklə, AR Vergi Məcəlləsi bələdiyyələrə və Naxçıvan Muxtar Respublikasına vergilərin müəyyyən edilməsi səlahiyyətlərini vermir. Bütün vergilər AR Vergi Məcəlləsi əsasında müəyyən edilir. Bununla yanaşı, AR Vergi Məcəlləsi bələdiyyə orqanlarına öz ərazilərində vergi ödəyicilərinin xüsusi kateqoriyası üçün vergi dərəcələrini azaltmağa, yerli vergilərdən tam və ua qismən azad etmək səlahiyyəti verir.

Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları

Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır:

  1. vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;
  2. vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;
  3. AR dövlət vergi orqanları;
  4. AR gömrük orqanları;
  5. AR Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı AR maliyyə orqanları;
  6. AR Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.


Yazı sonuncu dəfə 2023-10-19 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!