Əvəzsiz olaraq alınmış və verilmiş aktivlər

Əvəzsiz maliyyə yardımı şəklində alınan aktivlərin (torpaq, tikili və avadanlıqların, ehtiyatların və s.) ilkin dəyəri onların uçota götürüldüyü tarixə bazar qiymətləri ilə müəyyən olunur. Bazar qiymətinin müəyyən edilməsi peşakar qiymətləndiricilər tərəfindən həyata keçirilir.

Mühasibat yazılışı üçün əsas olaraq təhvil-təslim aktı istifadə edilir.

611-3 №li "Əvəzsiz olaraq alınmış aktivlər" subhesabında mühasibat uçotu subyektinin əvəzsiz əldə etdiyi aktivlərdən yaranan gəlirləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Aktivlər əvəzsiz olaraq alındıqda 101, 103, 111, 113, 121, 123, 131, 151, 152, 181, 183, 193, 201, 202, 203, 205, 207, 231, 232, 234 №li hesabların müvafiq subhesablarının debeti və 611 №li hesabın müvafiq subhesablarının kreditində göstərilir.

611-3 №li "Əvəzsiz olaraq alınmış aktivlər" subhesabının kreditində yığılmış məbləğlər hesabat dövrünün mənfəəti kimi 611-3 №li subhesabın debetində və 801 №li hesabın müvafiq subhesablarının kreditində əks etdirilir.

Misal.

Müəssisə başqa bir müəssisədən əvəzsiz olaraq proqram təminatı almışdır. Proqram təminatının bazar qiyməti 1 500 manatdır. Proqram təminatının faydalı istifadə müddəti rəhbərliyin hesablamalarına görə 3 ildir. Müəssisədə əvəzsiz alınmış qeyri-maddi aktivlərin gəliri amortizasiya hesablanaraq, gələcək dövrlərin gəlirləri hesabı istifadə etməklə, gəlir kimi tanınır.

Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Proqram təminatının əvəzsiz olaraq alınması 101-3 "Proqram təminatının dəyəri" 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 1 500
2 1-ci il əvəzsiz alınmış proqram təminatının gəlirin tanınması 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 611 "Sair əməliyyat gəlirləri" 500
3 1-ci il əvəzsiz alınmış proqram təminatının amortizasiyası 731 "Sair əməliyyat xərcləri" 101-3 "Proqram təminatının dəyəri" 500


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Proqram təminatının əvəzsiz olaraq alınması dərhal tanınarsa 101-3 "Proqram təminatının dəyəri" 611 "Sair əməliyyat gəlirləri" 1 500

731-9 №li "Əvəzsiz olaraq verilmiş aktivlər" subhesabında mühasibat uçotu subyekti tətəfindən əvəzsiz olaraq verilmiş aktivlərdən yaranan xərclər barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Aktivlər əvəzsiz olaraq verildikdə aşağıdakı mühasibat yazılışları verilir:

  • aktivlərin dəyərinə 731-9 №li subhesabın debeti və 101, 103, 111, 113, 121, 123, 131, 151, 152, 181, 183, 193, 201, 202, 203, 205, 207, 231, 232, 234 №li hesabların müvafiq subhesablarının krediti üzrə;
  • amortizasiya olunan aktivlər üzrə 102, 112, 122, 132 №li hesabların müvafiq subhesablarının debeti və 731-9 №li subhesabın krediti üzrə;
  • aktivlər üzrə dəyərin azlmasına görə düzəlişlərlə bağlı məbləğlərə 153, 184, 208 №li hesabların müvafiq subhesablarının debeti və 731-9 №li subhesabın krediti üzrə;
  • aktivlər üzrə yenidən qiymətləndirmə üzrə ehtiyat məbləğinə 331 №li hesabın müvafiq subhesablarının debeti və 343 №li hesabın müvafiq subhesablarının krediti üzrə.

731-9 №li "Əvəzsiz olaraq verilmiş aktivlər" subhesabının debetində yığılmış məbləğlər hesabat dövrünün zərəri kimi 801 №li hesabın müvafiq subhesablarının debetində və 731-9 №li subhesabın kreditində əks etdirilir.

Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - ilkin dəyəri silnir 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" -
2 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi qərara alındıqda - yığılmış amortizasiya məbləği silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" -
3 Torpaq, tikili və avadanlıqların əvəzsiz verilməsi ilə bağlı xərclərin əks olunması 801 "Ümumi mənfəət (zərər)" 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" -
4 Əvəzsiz verilmiş torpaq, tikili və avadanlıqlar zərərin əks olunması 801 "Ümumi mənfəət (zərər)" 731-9 "Əvəzsiz olaraq verilmiş aktivlər" -
5 Əvəzsiz verilmiş tikili və avadanlıqların dəyəri (qalıq və ya bazar dəyəri) üzrə ƏDV hesablanması 801 "Ümumi mənfəət (zərər)" 521 "Vergi öhdəlikləri" -

Vergi uçotu

Aktivlərin əvəzsiz alınması və verilməsi zamanı vergi uçotunda diqqət yetirilməsi məsələlər alınan və verilən aktivlərin mənfəət vergisinə (və ya sadələşdirilmiş vergiyə) və ƏDV cəlb eidlməsidir.

Vergi uçotunda əvəzsiz olaraq alınan aktivlər satışdankənar gəlir kimi gəbul edilir. Belə ki, AR Vergi Məcəlləsinin 13.2.12 maddəsinə əsasən əvəzsiz alınan aktivlər - mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər hesab edilir.

Əvəzsiz alınan aktivlər müəssisənin gəliri hesab edilərək mənfəət vergisi ödəyiciləri üçün mənfəət vergisinə, və ya sadələşdirilmiş vergi ödəyiciləri üçün sadələşdirilmiş vergiyə cəlb edilir. Burada əsas məsələ əvəzsiz olaraq alınan aktivin dəyəri olacaqdır. AR Vergi Məcəlləsin əsasən vergi uçotunda malın hədiyyə verilməsi bazar dəyərində mənfəət vergisinə (və ya sadələşdirilmiş vergiyə) cəlb olunan əməliyyatdır.

Əvəzsiz verilən aktivlər isə mühasibat uçotunda müəssisənin sair xərclərinə aid edilsə də, vergi uçotunda mənfəəti azaldan xərclərə aid edilə bilməz.

Bundan başqa, aktivlər əvəzsiz verildikdə onlar ƏDV cəlb edilməlidir. Belə ki, AR Vergi Məcəlləsinin 159.4. maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Bundan başqa, AR Vergi Məcəlləsinin 106.1.9 və 106.1.10 maddələrinə əsasən mənfəət vergisindən azaddır:

AR Vergi Məcəlləsi. Maddə: 106.1.9 və 106.1.10

106.1.9. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;

106.1.10. Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;



Yazı sonuncu dəfə 2018-12-08 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!