Torpaq, tikili və avadanlıqların maliyyə icarəsinə (lizinq) verilməsi

Maliyyə icarəsi (lizinq) – aktiv üzrə mülkiyyət hüquqlarına aid təqribən bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Sonda, mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər.

Оbyеktin icarəçiyə vеrilməsi qəbul-təhvil aktı ilə sənədləşdirilir.

İcarədar maliyyə icarəsinə verilmiş tikili və avadanlıq üzrə amortizasiya hesablamır. İcarəçi mülkiyyət sahibi kimi icarəyə götürdüyü tikili və avadanlıqlara görə köhnəlmə hеsablayır və tikili və avadanlıqları təmir edir.

Torpaq, tikili və avadanlıqlar maliyyə icarəsinə verildikdə aşağıdakı mühasibat yazılışları verilir:

  • maliyyə icarəsinə verilmiş aktivin ilkin dəyərinə 174, 214 №li hesabların müvafiq subhesablarının debeti və 111 №li hesabın müvafiq subhesablarının krediti üzrə;
  • maliyyə icarəsinə verilmiş aktivə hesablanmış amortizasiya məbləğinə, habelə qiymətdəndüşmə zərərinə 112 №li hesabın müvafiq subhesablarının debeti və 174, 214 №li hesabların müvafiq subhesablarının krediti üzrə.

Maliyyə icarəsində olan aktivlərə görə hesabat dövrü ərzində hesablanan faiz məbləğlərinə 216 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərin cari dəyəri hesablandıqda həmin öhdəliyin dəyəri ilə cari dəyər arasındakı fərqə 406 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

İcarə üzrə qısamüddətli kreditor borclarının cari dəyəri hesablandıqda həmin kreditor borcun dəyəri ilə cari dəyər arasındakı fərqə 535 №li hesabın müvafiq subhesablarının debeti və 631-3 №li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Maliyyə iсarəsi üzrə gəlirə görə yaranan məbləğə hesabat dövrünün mənfəəti kimi 631-3 №li subhesabın debeti və 801 №li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

İcarə ödənişləri icarədar üçün əməliyyat gəlirləri kimi, icarəçi üçün isə kapital qoyuluşları kimi əks olunur.

Torpaq, tikili və avadanlıqların uzunmüddətli icarəyə( lizinq) verilməsi zamanı aşağıdakı mühasibat yazılışları verilir:

Misal.

A müəssisəsi B müəssisəsinə 100 000 dəyərində 3 il müddətinə maliyyə icarəsi müqaviləsi ilə avadanlıq verib. Müqaviləyə əsasən avadanlığın qiyməti 70 000 manatdır, faiz məbləği 30 000 manat təşkil edir. B müəssisəsi 3 il ərzində bərabər hissələr ilə bu borcu ödəməlidir.


N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Uzunmüddətli maliyyə icarəsinə verilmiş avadanlıq müəssisənin balansından silinmişdir 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" 111 "Torpaq, tikili və avadanlıqların dəyəri" 80 000
2 Uzunmüddətli maliyyə icarəsinə verilmiş avadanlığın amortizasiyası silinir 112 "Torpaq, tikili və avadanlıqlar üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri" 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" 10 000
3 Maliyyə icarəsində olan avadanlığa görə faizlər 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 30 000
4 Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin faizlərin hesablanması 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 176 "Faizlər üzrə uzunmüddətli debitor borcları" 10 000
5 Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin faizlərin gəlir kimi tanınması 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" 631-3 "Maliyyə iсarəsi üzrə gəlir" 10 000
6 Maliyyə icarəsində olan avadanlığa görə faizlərin ödənilməsi 1-ci il 223 "Bank hesablaşma hesabları" 216 "Faizlər üzrə qısamüddətli debitor borcları" 10 000
7 Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin icarə debitor borcun müəyyən edilməsi 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 174 "İcarə üzrə uzunmüddətli debitor borcları" 23 333
8 Maliyyə icarəsində olan avadanlığa görə 1-ci ilin icarə haqqının ödənilməsi 223 "Bank hesablaşma hesabları" 214 "İcarə üzrə qısamüddətli debitor borcları" 23 333

Vergi uçotu

AR Vergi Məcəlləsinə əsasən maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. Bundan başqa, vergi uçotuna əsasən icarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Bundan başqa, maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

  • lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;
  • icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;
  • icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;
  • icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;
  • icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Əgər icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdırsa, lakin, aktivin istifadə olunması müddətinin 3/4-ü qurtarlbsa, o zaman, ondan sonra başlanan icarə maliyyə icarəsi hesab edilmir.

Maliyyə lizinqi müqaviləsində ssuda ödəmələri üzrə faiz dərəcəsi göstərilmədikdə və ya maliyyə lizinqi həyata keçirən qeyri-rezidentlərə, habelə qarşılıqlı surətdə asılı şəxslərə maliyyə lizinqi üzrə icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizi məbləğində götürülür

İcarəçinin icarəni təzələmək hüququna malik olduğu əlavə müddət icarə müddətinə daxildir.

DİQQƏT!!!

AR Vergi Məcəlləsinin 140.6 maddəsinə görə:

İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektinin təqdim edilməsindən əldə olunan gəlirdən Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisini ödəməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq, mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir

Bundan başqa, əgər lizinq verən ƏDV ödəyicisidirsə və ya ƏDV qeydiyyatından keçməlidirsə, bu əməliyyat müvafiq olaraq ƏDV-nə də cəlb ediləcəkdir.

Bu səbəbdən, üçtərəfli müqavilə bağlandıqda, və müqavilə bağlandıdan sonra lizinq obyektinə mülkiyyət hüququ lizinq verənə keçdikdə, bu əməliyyatda alqı-satqı elementi olmayacaq, və müvafiq olaraq mənfəət və ƏDV cəlb edilməyəcək.

AR Vergi Məcəlləsinin 140.1 maddəsinə əsasən:

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslərfərdi sahibkarlar çıxış edirlər.

Beləliklə, lizinq müqaviləsi fərdi sahibkar olmayan fiziki şəxs (sadə vətəndaş) ilə bağlanıla bilməz.



Yazı sonuncu dəfə 2020-02-23 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!