İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi

İnventarizasiya zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:

  • aktivlər üzrə artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirməklə həmin aktivlər istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri müəssisənin gəlirinə aid edilir;
  • müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr və itkilər müəssisənin xərcinə aid edilir;
  • təyin edilməsi mümkün olan, lakin müvafiq normativ sənədlərdə nəzərdə tutulmayan aktivlər üzrə təbii itki normaları mülkiyyətçi tərəfindən bu aktivlərə oxşar aktivlərin normalarına uyğun olaraq müəyyən edilir;
  • aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər müəssisənin rəhbərinin yazılı sərəncamına əsasən xərcə aid edilir;

Maddi-məsul şəxslərin təqsiri olmadan yenidən çeşidləmə zamanı çatışmazlıq istiqamətində qiymətlilərin dəyərində yaranmış fərqlərin təqsirkar şəxslərə aid edilməməsi səbəblərinə dair inventarizasiya protokollarında müfəssəl izahatlar verilməlidir.

Öhdəliklər üzrə məbləğlər dəqiqləşdirildikdə kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılması (azaldılması) və yaxud mühasibat uçotu subyektinin yaratdığı kapital ehtiyatları hesabına uçotda əks etdirilir.

İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması haqqında təkliflər baxılmaq üçün müəssisənin rəhbərliyinə təqdim edilir.

Yaranmış fərqlərin uçotda əks etdirilməsi barədə sonuncu qərarı müəssisənin rəhbəri verir.

Kommisiya tərəfindən müvafiq inventarizasiya cədvəlləri və aktlar əsasında inventarizasiyanın nəticələri rəsmiləşdirilərək inventarizasiya qurtardıqdan sonra 10 gün müddətində mühasibat uçotun subyektinin rəhbərliyinə təqdim edilir.

Müəssisənin rəhbərinin sərəncamına əsasən aktivlər və öhdəliklər üzrə inventarizasiyanın nəticələri 10 gün müddətində mühasibat uçotunda və maliyyə hesabatlarında əks etdirilməsi üçün mühasibatlığa təqdim edilir.

Yazı sonuncu dəfə 2018-08-24 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!