Sosial məzuniyyətSosial məzuniyyətə aiddir:
Hamiləliyə və doğuşa görə məzuniyyət. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Misal.
Müəssisədə çalışan Məmmədova Ç.Q. 16 oktyabr 2018-ci il tarixindən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxıb. İşçinin aylıq əmək haqqısı 700 manat təşkil edir. Doğuş normal olmuşdur. Məmmədovanın hamiləliyə və doğuşa görə ümumi məzuniyyəti olacaqdır: 70 təqvim günü + 56 təqvim günü = 126 təqvim günü. Beləliklə Məmmədova Ç.Q. 2019-cu il fevral ayının 19 işə çıxmalıdır. Analıq məzuniyyətinə görə məzuniyyət haqqının hesablanması. Hamiləliyə və doğuma görə müavinətin hesablanması üçün bir iş gününə düşən orta gündəlik qazanc hesablanmalıdır. Bunun üçün işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölmək lazımdır. Əgər işçi 2018-cı ilin oktyabr ayından sosial məzuniyyətə çıxacaqsa, o zaman, son 12 ayda işçinin qazancı olacaq 12 * 700 = 8 400 manat, son 12 ayda iş günlərinin sayı isə hesablamaya görə olacaq 241 iş günü. Bir iş gününə düşən orta gündəlik qazanc hesablanacaq: 8 400 / 241 = 34.85 manat Analıq məzuniyyəti dövrü ərzində (126 gün - 16.10.2018 - 19.02.2019) 87 iş günü var. Beləliklə, işçiyə hamiləliyə və doğuma görə müavinət olacaq: 87 * 34.85 = 3 031.95 manat. Qeyd: iş və qeyri-iş günləri "İstehsalat təqvimindən" götürülür. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:
Uşaqları övladlığa götürmüş qadınların məzuniyyəti. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin uşaqlı qadınların əlavə məzuniyyətləri və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Qismən ödənişli sosial məzuniyyət (Uşağa qulluğa görə). Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2020-04-05 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!