Maddi məsuliyyət

Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işçi öhdəliklərini yerinə yetirərkən vurduğu ziyana görə AR Əmək Məcəlləsində və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qismən və ya tam maddi məsuliyyət daşıyır.

Maddi məsuliyyət işçinin üzərinə o zaman qoyulur ki, ziyanın həqiqətən vurulduğu aşkar edilsin, təqsirkarın əməli qanuna zidd olsun, təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olsun.

İşçinin maddi məsuliyyəti ziyanın vurduğu aşkar edildiyi andan başlayır. Müəssisə, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə işçi digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar

Misal.

Yoxlama nəticəsində anbar otağında malların çatışmamazlığı müəyyən edilmişidir. Müəssisə rəhbəri anbardardan dəymiş zərərin ödənilməsini tələb etmişdir. Anbardar müəssisə rəhbərinin tələbi ilə razı olmayıb məhkəməyə müraciət etmişdir.

Məhkəmə zamanı aparılan araşdırma göstərmişdir ki, anbar otağı əvvəldən malların saxlanılması üçün nəzərdə tutulmamışdır. Anbar otağı müəssisənin başqa otaqları ilə qonşuluqda idi. Onun divarları tavana gədər hörülməmişdir. Bundan başqa, anbar otağının ehtiyat açarı satış menecerində də var idi, hansı ki tam maddi məsul şəxs deyil.

Məhkəmə qərara gəlmişdir ki, işəgötürən anbar otağının lazımi mühafizəsini təmin etməmişdir, və bu səbəbdən də anbardar müəssisə əmlakının qorunmasını lazımi qaydada təmin edə bilməmişdir. Bunun əsasında anbardarın iddiası təmin edilmişdir.

İşçidən yalnız dəymiş birbaşa zərərin məbləğini tələb etmək olar. Misal üçün, məhv edilmiş və ya xarab olmuş avadanlığın, materialların, malların dəyərini. Bura yeni avadanlığın, malların, materialların alınmasına və təmirinə işəgötürənin xərcləri də daxildir. Lakin, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

Qismən maddi məsuliyyət

Ümumi qayda olaraq işçi işəgötürənə vurduğu ziyana görə qismən maddi məsuliyyət daşıyır. Bu o deməkdir ki, işçidən yalnız bir aylıq orta əmək haqqı məbləğinədək pul tutula bilər. Misal üçün, əgər işçinin orta əmək haqqısı 450 AZN-dirsə, vurulmuş ziyanın məbləği isə 1 000 AZN, o zaman, işçi faktiki olaraq dəymiş ziyanı qismən ödəyəcəkdir - 450 AZN dəyərində.

Qismən maddi məsuliyyət halları aşağıdakıları misal çəkmək olar:

  • etdiyi səhlənkarlıq nəticəsində müəssisəyə məxsus mallar, iş alətləri, əmlak və ya işçiyə verilən xüsusi qeyim məhv və ya xarab olmuşdur;
  • ticarət şirkətinin və ya mağazanın işçisi malları qaydalara uyğun saxlamadığına görə müəssisəyə ziyan dəymişdir;
  • müəssisənin əmlakının oğurlanmasını və ya boşdayanmanın qarşısını almaq üçün şöbə müdiri lazımi tədbirlər görməmişdir;
  • nəzarət-kassa aparatının işçi tərəfindən istidfadə edilməməsinə görə işəgötürən cərimə ödəmişdir və s.

Tam maddi məsuliyyət

İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır:

  1. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;
  2. işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
  3. inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;
  4. əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;
  5. alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;
  6. işəgötürənin kommersiya sirrini yaydıqda;
  7. işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız yuxarıda qeyd edilən «3», «4» və «5» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

Tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Misal olaraq, aşağıdakı işçiləri və işləri gətirmək olar:

  • kassir;
  • anbardar;
  • təsərrüfat müdiri;
  • daşınma ekspeditoru;
  • və s.

İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

İşçi tam maddi məsuliyyət haqqında müqaviləni imzalamaqdan imtina edərsə işəgötürən ona başqa iş təklif etməlidir. Belə bir imkan olmadıqda və ya işçi başqa işə keçirilməkdən imtina etdikdə isə işəgötürən AR Əmək Məcəlləsinin 68.1 ("c") bəndinin "əmək şəraitinin şərtlərinin dəyişdirilməsi" əsasında işçi ilə əmək münasibətlərinə xitam vermək hüququna malikdir.

İşçinin maddi məsuliyyətini istisna edən hallar

İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət - sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır.

İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır.

Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi

İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər.

Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.

İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.

Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər.

İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası

İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

İşçi cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi işçini maddi məsuliyyətdən azad etmir.

Yazı sonuncu dəfə 2018-11-02 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!