Əmək stajına görə əlavə məzuniyyət

Əmək stajından asılı olaraq işçilərə:

  • 5 ildən 10 ilədək əmək stajı olduqda — 2 təqvim günü;
  • 10 ildən 15 ilədək əmək stajı olduqda — 4 təqvim günü;
  • 15 ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

AR Əmək Məcəlləsində deyilir ki:

"Əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə* işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə AR Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir."

Lakin, onu qeyd etmək lazımdır ki, AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı ilə "bir müəssisədə" müddəası qüvvədən düşmüşdür. Bu səbəbdən də, əmək stajına görə əlavə məzuniyyət işçinin bir müəssisədə işlədiyi staja görə deyil, əmək kitabçasında hesablanan ümumi staja görə verilir.

*Qeyd: AR Konstitusiya Məhkəməsinin 29.11.2000-ci il tarixli qərarı "AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsində əmək stajına görə əlavə məzuniyyətin müddətini məhdudlaşdıran "bir müəssisədə" müddəası AR Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin" ("Azərbaycan" qəzeti, 01.12.2000-ci il, N 276, AR Konstitusiya Məhkəməsinin Məlumatı N2/2001)

AR Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair AR Konstitusiya Məhkəməsinin Qərarı

Qeyd:

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya(pul əvəzi) verilmir.

Lakin, əmək münasibətlərinə xitam verilmirsə, işçinin istəyi ilə ona istifadə etmədiyi əmək (əsas və əlavə) məzuniyyət günlərinə görə, o cümlədən, əmək stajına görə kompensasiya verilə bilər.

Eyni zamanda, işçi ötən illərdə istifadə etmədiyi əlavə məzuniyyət günlərini cari ildə istifadə edə bilər.

Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər aşağıda qeyd edilən işçilərə verilmir:

  • Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər;
  • Yaşı 16-dan az və 16 yaşından 18 yaşınadək olan işçilər;
  • Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər;
  • Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçiləri.
Yuxarıda qeyd edilən işçilərə verilən məzuniyyət xüsusi qaydada müəyyən edilir.


Yazı sonuncu dəfə 2020-06-05 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!