Gələcəyin peşələri: süni intellekt əmək bazarını yenidən formalaşdırır
2025-10-15 | İqtisadiyyat |
Ötən əsrin sonlarında elektron texnologiyalardan rəqəmsal elektronikaya keçid və internetdən, fərdi kompüterlərdən, smartfonlardan geniş istifadə dördüncü sənaye inqilabının ərsəyə gəlməsi ilə nəticələndi. Artıq insan müdaxiləsinə ehtiyac duyulmadan özü düşünə bilən, problemləri təsbit və təhlil etmək imkanına malik sistemlərin yaradılması və inteqrasiyası reallaşdı. XXI əsrin ikinci on illiyindən etibarən isə dördüncü sənaye inqilabının bu gün üçün aktual olan “süni intellekt” termini daha çox eşidilməyə başlandı və hazırda bu texnoloji alət faktiki olaraq günümüzün reallığına çevrilib. Məhz onun köməyi ilə sistemlərin monitorinqi və diaqnostikası asanlaşdı, şirkətlər üçün daha yüksək məhsuldarlıq əlçatan oldu, istehsal xərcləri azaldı və yeni biznes, eləcə də xidmət modelləri inkişaf etməyə başladı. Süni intellektin getdikcə geniş vüsət alması ilə bir çox fəaliyyət sahəsində qısa zaman kəsiyində daha uğurlu nəticələr əldə etmək mümkün oldu. Sözsüz ki, süni intellekt əmək bazarından da yan keçmir və bir sıra dəyişikliklər gətirir. Yəni gələcəyin peşələri süni intellekt əsaslı inkişaf etməyə başlayıb.
Bəzi peşələrdə süni intellekt insanı tam əvəz edir
Qlobal proqnozlara əsasən, süni intellekt ən çox təkrarlanan və standart işlərə təsir göstərəcək. Məsələn, Dünya İqtisadi Forumu 2025-ci il üzrə hesabatında ən sürətlə azalan peşələr sırasında “data-entry”, kassir, bank işçiləri və inzibati katiblik peşələrini göstərir. Çünki artıq bu peşələrdə süni intellekt və avtomatlaşdırma insanı əvəz edə bilir. “McKinsey”, “Coursera” və digər beynəlxalq şirkətlərin hər il dəyişən əmək bazarına dair hesabatlarında da sözügedən işlərə süni intellektin təsirləri öz əksini tapır.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva vurğulayır ki, bütün bu deyilənlərə rəğmən, hələ də süni intellektin dominant olmadığı sahələr var. Məsələn, səhiyyə, təhsil və sosial xidmətlərdə insan faktoru vacib olaraq qalır. Müəllim, həkim, psixoloq və sosial işçilərin işində də empatiya və emosional dəstək əsasdır və texnologiya bunu əvəz edə bilmir. “McKinsey” şirkətinin araşdırmalarına əsasən, yaradıcılıq, etik qərarvermə və liderlik kimi insana məxsus bacarıqlar gələcəyin iş dünyasında dəyərli olaraq qalacaq. Bundan başqa, analitik və yaradıcı düşüncə, liderlik və komanda idarəçiliyi kimi bacarıqlar da önə çıxır. “McKinsey”in digər araşdırmasında vurğulanır ki, 2030-cu ilə qədər ən çox tələbat olan bacarıqlar məhz analitik düşüncə, çeviklik, liderlik və sosial təsir olacaq.
Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov da avtomatlaşdırma və proqramlaşdırma sahəsində mütəxəssislərə ehtiyac olacağını düşünsə belə, süni intellektin hələ də insanı tam şəkildə əvəz edə biləcəyinə inanmır və yaradıcılıq, dizayn işləri, strteji düşüncə, idarəetmə və liderlik, komanda idarəetməsi ilə bağlı işlərdə mütəxəssislərə həmişə ehtiyac olacağını bildirir. Ekspert hesab edir ki, süni intellektin getdikcə daha da inkişaf etməsi birmənalı şəkildə robotexnika və avtomatlaşdırma sahələrində mütəxəssislərə ehtiyac yaranmasına gətirib çıxaracaq.
Bir sözlə, süni intellekt bəzi işləri avtomatlaşdırsa da insan yaradıcılığı, emosional zəka və sosial bacarıqlar gələcəyin iş bazarında hələ də əvəzolunmaz yerə sahibdir.
Hansı bacarıqlara daha çox tələbat olacaq?
Dünya İqtisadi Forumu və “Coursera”nın “Global Skills 2025” hesabatına əsasən, sürətlə artan bacarıqlar sırasında süni intellekt və böyük verilənlərlə işləmə, kibertəhlükəsizlik və texnoloji savadlılıq ön pillədə yer alır. X.Fətullayeva gələcəkdə ən çox tələb olunacaq bacarıqlardan danışarkən, iki istiqamətə xüsusi diqqət çəkir – texnoloji biliklər və insan mərkəzli bacarıqlar. Ancaq təkcə texniki bilik kifayət etmir. Araşdırmalar göstərir ki, analitik və yaradıcı düşüncə, çeviklik, liderlik, komanda idarəçiliyi və öyrənməyə davamlılıq da vacib bacarıqlar arasında yer alacaq. Çünki texnologiya çox şeyi avtomatlaşdıra bilər, amma insanın adaptasiya və yaradıcılıq qabiliyyəti hələ də toxunulmazdır.
Ekspert N.Xəlilov isə o fikirdədir ki, gələcəyin peşəsinə yiyələnmək istəyən gənclər riyazi elmləri dərindən bilməlidirlər, çünki proqramlaşma dillərinin təməlində məhz riyaziyyat dayanır. Analitik beyinə sahib olmaq gələcəyin peşəsinə yiyələnmək istəyənləri bir addım önə aparacaq.
Süni intellekt yeni bacarıqlar tələb edir
X.Fətullayeva yaxın zamanda süni intellektdən təsirlənməyəcək sahənin qalmayacağını düşünür. Süni intellektin həyatımıza daxil olması ilə ən çox sıradan çıxacaq sahələr təkrarlanan və rutin işlərdir. İnsanın etdiyi işi alqoritmlər daha sürətli və az xərclə görə bildiyi üçün inzibati köməkçi, “data-entry”, kassirlik, telemarketinq kimi peşələr sıradan çıxa bilər. Mütəxəssis düşünür ki, bir çox peşə tamamilə yox olmayacaq, sadəcə, formasını dəyişəcək. Məsələn, katiblik işi avtomatlaşsa da, həmin mütəxəssislər öz bacarıqlarını artıraraq layihə idarəçiliyi və ya müştəri əlaqələri kimi sahələrə yönələ bilərlər.
Alternativ olaraq, “reskilling” və “upskilling” – yəni yenidən bacarıq qazanmaq və mövcud bacarıqları inkişaf etdirmək əsas çıxış yoludur. İnsanlar texnologiyanı tamamlayan sahələrə yönəldikdə peşələr sıradan çıxmır, əksinə, yeni dəyər qazanır. Bu istiqamətdə Azərbaycanda da müvafiq addımlar atılır və layihələr həyata keçirilir. İnsan kapitalının inkişafı məqsədilə 4SİM-də yaradılmış “4Sİ Adademiyası” buna ən dəyərli nümunədir. Akademiya çərçivəsində “Coursera”, “Binance”, “ESRİ” və digər beynəlxalq tərəfdaşlarla müxtəlif proqramlar və təlimlər həyata keçirilir. İnsan kapitalının inkişafında ən böyük layihələrədən biri də elə 4SİM-in Təhsilin İnkişafı Fondu və digər tərəfdaşlarla birgə həyata keçirdiyi layihədir. Bu layihənin qlobal kontent provayderi “Coursera” şirkətidir. Layihəyə start veriləndən indiyədək 30 mindən çox vətəndaş 160 min kursdan faydalanıb, 57 min kurs isə uğurla tamamlanıb.
Süni intellekt tam yeni ixtisaslar da formalaşdırır
Süni intellektin inkişafı ilə maşın öyrənmə mütəxəssisləri, böyük verilənlər (Big Data) analitiklərinə ciddi tələbat qaçılmazdır. Bundan başqa, süni intellekt təlimçiləri (spesifik sahələr üzrə öyrədənlər), AI məhsul menecerləri və “human–AI” əlaqələndiriciləri kimi hibrid rollar da formalaşır. X.Fətullayeva düşünür ki, yaxın gələcəkdə süni intellektin monitorinqi və təhlükəsiz istifadəsi üzrə yeni ixtisaslara da böyük ehtiyac duyulacaq. Çünki insanların istifadə etdiyi “Chat GPT”, “Grok”, “DeepSeek”, “Google Gemini”, “Eleven Labs” kimi süni intellekt platformalarında çoxlu sayda kibertəhlükəsizlik və etik problemlər aşkarlanır. Bu gün artıq vakansiyalarda qarşımıza yeni adda maraqlı peşələr çıxır. Məsələn, maşın öyrənmə mütəxəssisi, süni intellekt üzrə etik mühəndis, süni intellekt məhsul meneceri, generativ məzmun yaradıcısı və s. Yəni süni intellekt bəzi peşələri sıradan çıxarsa da, əvəzində texnologiya ilə işləməyi bacaran mütəxəssislər üçün yeni imkanlar açır.
Ekspert N.Xəlilov da texnlogiyanın sürətli inkişafı fonunda kibertəhlükəsizlik məsələsinin gündəmə gəldiyini, kiberhücumlar artacağı üçün bu sahənin mütəxəssislərinə ciddi ehtiyac duyulacağını deyir. Bildirir ki, süni intellektin əmək bazarına inteqrasiyası nəticəsində bu sahə ilə bağlı məsləhət xidmətləri göstərən mütəxəssislər və təlimçilər yetişdirilməlidir.
Süni intellekt təhsildə islahatları vacib edir
Süni intellektin inkişafı təhsil sistemində də köklü islahatlar tələb edir. X.Fətullayeva 3 vacib istiqamətdən söz açır. Hər şeydən əvvəl proqramlara yalnız texniki biliklər – proqramlaşdırma, data analitika, AI savadlılığı deyil, həm də yaradıcılıq, analitik düşüncə, komanda işi və etik qərarvermə kimi bacarıqlar əlavə olunmalıdır. “McKinsey”in bu istiqamətdəki araşdırmaları da deyilənləri təsdiqləyir. 2030-cu ilə qədər ən çox tələb olunan bacarıqlar texnologiya ilə yanaşı, insan mərkəzli bacarıqlar olacaq. Təhsil məktəb və universitet dövrü ilə yekunlaşmamalı, iş həyatı boyunca davam etməli və yeni biliklər öyrənilməlidir. Bunun üçün yeni bacarıqlara fokuslanan proqramlar yaradılmalıdır. Təhsil sistemi ilə biznes sektoru arasında sıx əməkdaşlıq formalaşdırılmalıdır ki, tələbələr bazarın real tələblərinə uyğun bacarıqlarla yetişsinlər. Məsələn, universitetlər qabaqcıl innovativ qurumlardan və ekspertlərdən gələcəkdə açılacaq ixtisaslar və hazırlanacaq kurikulum proqramları ilə bağlı məsləhətlər almalıdır. 4SİM-in bu sahədə ixtisaslaşmış ekspertləri olduğundan, bəzi universitetlər bu istiqamətdə quruma sorğu göndərib, fikir öyrənə bilirlər.
Bir sözlə, təhsil sisteminin məqsədi yalnız bilik ötürmək yox, gəncləri sürətlə dəyişən dünyaya çevik, yaradıcı və texnologiya ilə işləməyi bacaran insanlar kimi hazırlamaq olmalıdır.
Azərbaycanda hansı sektorlarda süni intellektin tətbiqi effektivdir?
Məlum olduğu kimi, Azərbaycanda süni intellekt artıq prioritet istiqamət kimi qəbul olunub və 2025–2028-ci illəri əhatə edən AI Strategiyası təsdiqlənib. Strategiyanın məqsədi süni intellektin inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı gücləndirmək, infrastruktur və kadr potensialını artırmaqla ölkənin rəqabət qabiliyyətini yüksəltməkdir. X.Fətullayevanın sözlərinə əsasən, ölkəmizdə süni intellektin tətbiqi energetika, kənd təsərrüfatı, maliyyə-bank sektoru, səhiyyə, logistika və dövlət xidmətləri kimi bir sıra sahələrdə daha effektiv görünür. Gələcəkdə xüsusilə təhsil, “ağıllı şəhər” layihələri, kibertəhlükəsizlik, nəqliyyat və xidmət sektoru süni intellektdən ən çox faydalanacaq sahələr kimi ön plana çıxacaq. 4SİM özü də bu sahədə “Çağrı mərkəzində süni intellekt”, “Enerjidə süni intellekt”, “Güləşdə süni intellekt”, müxtəlif sahələrə aid çatbotların yaradılması kimi layihələr həyata keçirib və hazırda yeni layihələr üzərində iş aparılır.
Bu sahədə karyera qurmaq istəyənlər daha çox nəyə fokuslanmalıdırlar?
Süni intellekt sahəsində karyera qurmaq istəyənlər ilk növbədə bu sahəni dərindən araşdırmalıdırlar. Əvvəlcə riyaziyyat, statistika, proqramlaşdırma (xüsusilə “Python”) və alqoritmlər üzrə güclü baza qurmaq vacibdir. Daha sonra maşın öyrənməsi, dərin öyrənmə, məlumat analitikası kimi istiqamətlər üzrə ixtisaslaşmaq məqsədəuyğundur.
Ekspert N.Xəlilov nəzəri məlumatlardan çox praktiki təcrübənin önəmli olduğunu düşünür və deyir ki, gələcəkdə bu sahədə seçilən şəxs olmaq istəyənlərdən, heç şübhəsiz, “hard” biliklərlə yanaşı, “soft” biliklər və ünsiyyət bacarıqlarının yüksək səviyyədə olması tələb ediləcək. X.Fətullayeva isə vurğulayır ki, gənclərdə müşahidə olunan ən böyük boşluq bu sahəyə yönəlməklə bağlı qərarı gec vermələrindədir. Yəni tələbələr 4 il fərqli sahədə universitet təhsili alırlar və əmək bazarındakı tələbatı kəşf etdikdən sonra bu sahəyə maraq göstərməyə başlayırlar. Nəticədə 4 il boşuna gedir və sıfırdan yeni biliklərə yiyələnmək bir xeyli zaman alır. Süni intellekt sahəsini öyrənən gənclər onu da unutmamalıdırlar ki, təhsil almaq qədər bilikləri müxtəlif layihələrdə tətbiq etməklə təcrübə qazanmaq da vacibdir. Əks təqdirdə, rəqabətli bazarda uduza bilərlər.
Qeyd edək ki, 4SİM böyük sayda təcrübəçilərlə çalışır. Təkcə süni intellekt və data analitikası ilə məşğul olan belə mütəxəssislərin sayı 300-dən artıqdır. Gənclər nəzəri biliklər əldə etdikdən sonra dövlət və özəl sektorda bu istqiamətdə olan qurumları araşdırıb, müraciət edərək təcrübə qazana bilərlər. Ümumi götürdükdə, “Coursera”nın hesabatında da qeyd olunduğu kimi, 94% işəgötürən artıq süni intellekt bacarıqlarına malik gənclərə üstünlük verir.
Faiq KƏRİMOĞLU