İşçinin işdən kənar edilməsi zamanı əməkhaqqının ödənilməsi

2022-12-08 | Kadr işi | 6557

İşçinin işdən kənar edilməsi Əmək Məcəlləsinin 62-ci maddəsi ilə tənzimlənir. Mövzunu “vergiler.az”a əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov izah edir.

Həmin maddəyə əsasən, işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:

  • işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda;
  • müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə;
  • iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə.

Misal: Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, qapalı məkanlarda maska taxılması məcburidir. İşçi əgər bu göstərişlərə əməl etməyərək iş yerində qoruyucu maskadan istifadə etmirsə, işəgötürən onu işdən kənarlaşdıra bilərmi?

İşçinin müəyyən edilmiş hallarda işdən kənar edilməsi qanunvericilikdə nəzərdə tutulub. İşçinin iş yerində tibbi maskadan istifadə etməməsi də inzibati xəta olduğundan işəgötürən onu işdən kənarlaşdıra bilər. Ancaq işdən kənarlaşdırma hüquqi sənədlərlə öz təsdiqini tapmalıdır. Bu sənədlərə həkim rəyi, işçilərin izahatları, arayışlar, birbaşa rəhbərin yazılı məlumatı, şahidlərin iştirakilə tərtib edilmiş akt və digər rəsmi sənədləri misal göstərmək olar. Əks halda işçi, ona qarşı qərəzli münasibət göstərilməsini iddia edə bilər.

İşdən kənar edilən vaxt ərzində işçiyə əməkhaqqı verilmir. İşəgötürən işçinin işdən kənar edilməsini üzrsüz işburaxma kimi rəsmiləşdirərək ona əməkhaqqı hesablamır. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən töhmət, şiddətli töhmət v.s intizam tənbehlərindən birini tətbiq edə bilər.

İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

İşçinin işdən kənar edilməsi ilə bağlı ən çox soruşulan suallardan biri işçinin maksimum hansı müddətə işdən kənar edilə bilməsi ilə bağlıdır. Qeyd edək ki, bununla bağlı qanunvericilikdə hansısa bir müddət nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 62-ci maddəsinin 2-ci bəndinə edilmiş əlavəyə görə, işəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılan bütün iş vaxtı (dövrü) müddətinə onu işdən kənar edə bilər. Əsas olan işçinin işdən kənar edilməsinə səbəb olan halın aradan qaldırılmasıdır.

Mənbə: https://vergiler.az/news/social/20549.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!