Təsərrüfat ortaqlıqları və cəmiyyətləriTəsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. AR Vergi Məcəlləsində nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Yalnız fərdi sahibkarlar və (və ya) kommersiya təşkilatları tam ortaqlıqların iştirakçıları və kommandit ortaqlıqlarında tam ortaqlar ola bilərlər. Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları fiziki və hüquqi şəxslər ola bilərlər. Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri AR Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri (iştirakçıları) ola bilərlər. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.
Normativ-hüquqi aktlar:
Yazı sonuncu dəfə 2023-10-25 tarixində yenilənib. |
www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!