Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərdiyi üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq vergi azadolmalarından və güzəştlərindən istifadə edir. Bu sahədə ixtisaslaşmış müəssisə digər müəssisələrlə də müqavilə bağlayaraq onları idarə etməyi, öz əmtəə nişanı altında kənd təsərrüfatı məhsullarını istehsal etməyi, satmağı və ixrac etməyi, satışdan gələn hasilatı kontragentlərlə paylaşmağı nəzərdə tutur. Bu halda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyətə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün azadolma və güzəştlər bizim müəssisəmizin əldə etdiyi gəlirlərə, habelə kontragentimiz olan digər kənd təsərrüfatı müəssisələrinə ödədiyimiz gəlirlərə şamil olunurmu?


Cavab

Vergilər Nazirliyinin şərhində bildirilib ki, 1 yanvar 2014-cü tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmişdir.

Göründüyü kimi, yuxarıda göstərilən azadolmalar yalnız kənd təsərrüfatının istehsalı fəaliyyətinə tətbiq edildiyindən, həmin güzəştlər sorğuda qeyd edilən müəssisənin özünün istehsal etdiyi məhsulların satışından əldə olunan gəlirlərə aid edilir.

Qeyd olunan digər fəaliyyətlər birbaşa kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmədiyindən, bu fəaliyyətlər üzrə əldə olunan gəlir həmin gəlirlərin əldə olunması ilə bağlı olan xərclər çıxıldıqdan sonra mənfəət vergisinə cəlb olunur.

Müəssisəyə öz istehsal etdiyi kənd təsərrüfatı məhsullarını təqdim edən şəxslərin əldə etdikləri gəlirlərə də yuxarıda sadalanan azadolmalar şamil olunur.

2019-12-06 | Vergilər | Baxılıb: 168 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!