Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Ana müəssisə törəmə müəssisəyə maliyyə yardımı kimi pul vəsaiti verir. Bu zaman ana müəssisə mənfəət vergisi bəyannaməsində verdiyi maliyyə yardımını öz xərcinə sala bilərmi? Törəmə müəssisənin ana müəssisədən aldığı pul vəsaiti törəmə müəssisənin gəliri sayılırmı və törəmə müəssisənin mənfəət vergisi bəyannaməsində gəlir kimi göstərilməlidirmi?


Cavab

Vergilər Nazirliyinin açıqlamasına əsasən, müəssisəyə təsisçi tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.

Hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

2019-11-04 | Mühasibat uçotu | Baxılıb: 1645 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!