İcbari tibbi sığorta

Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir:

  • İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
  • Könüllü tibbi sığorta sığortaolunanların əlavə tibbi xidmət və dərman yardımı almasını təmin edir.

İcbari tibbi sığortanın iştirakçıları

Tibbi sığortanın subyektləri sığortaolunanlar, sığortalılar, sığortaçılar və tibb müəssisələridir.

Sığortaçı – "Sığorta fəaliyyəti haqqında" AR Qanununa əsasən sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini etmək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs, icbari tibbi sığortaya münasibətdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi.

Sığortalı – qanunvericilikdə nəzərdə tutulmuş hallarda öz adından və ya sığortaolunan adından sığorta haqqı ödəyən şəxs;

Sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslər.

İcbari tibbi sığorta haqqının hesablanması

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində qanuvericilikdə müəyyən olunmuş qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:

  • Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzrə – dövlət büdcəsinin vəsaiti hesabına tam təqvim ili üçün adambaşına 90 manat;
  • muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə:
    • sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz,
    • sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
    Gəlirin məbləği Sığortaolunan - İşçi tərəfindən Sığortalı - İşəgötürən tərəfindən
    8000 manatadək 2 % 2 %
    8000 manatdan çox olduqda 160 manat + 8000 manatdan çox olan hissəsinin 0.5%-i 160 manat + 8000 manatdan çox olan hissəsinin 0.5%-i

    Qeyd: 1 yanvar 2021 - 1 yanvar 2022 müddətləri ərzində qeyri-dövlət və qeyri-neft sektoruna 50% güzəşt tətbiq edilərək işçi və işəgötürəndən 8000 manatadək olan hissəsindən 1% miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək.

  • Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə : fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri (sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) – minimum aylıq əməkhaqqının 4 faizi(2023-ci il yanvarın 1-dən 345 manat) - 13.80 manat;
  • mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir. Bu sığortaolunanlar üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
  • yuxarıda nəzərdə tutulan şəxslərdən başqa sığortalı qismində özləri çıxış edən digər sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 48 faizi(2023-ci il yanvarın 1-dən 345 manat) - 165.60 manat (2024-ci il yanvarın 1-dən qüvvəyə minir);
  • AR ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
  • vergi ödəyiciləri tərəfindən
    • araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı,
    • pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı,
    • siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı
    • energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı.

Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üzrə sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə istehlak qiymətləri indeksinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.

İcbari tibbi sığorta haqları üzrə uçot və hesabat

Əməkhaqqından hesablanmış icbari tibbi sığorta əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin hər ay üçün sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməli və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə vergi orqanlarına bəyannamə təqdim edilməlidir.

Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə sığorta haqqı hər ay üçün hesablamalıdır. Hesablanmış məbləğ hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməli və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə vergi orqanlarına bəyannamə təqdim edilməlidir.

Mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə sığorta haqqı hər ay üçün onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən hesablanır və ödənilir. Hesablanmış məbləğ hesabat ayından sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilməli və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə vergi orqanlarına bəyannamə təqdim edilməlidir.

Yuxarıda qeyd edilən şəxslərdən başqa digər sığortaolunanlar və sığortalı qismində özləri çıxış edənlər üzrə sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir. Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, onlar müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyirlər. Faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə hər ay üçün, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır. Bu şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.

İcbari tibbi sığorta haqqı benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən benzinin, dizel yanacağının və maye qazın hər litrinə 0,02 manat olmaqla hər ay üçün hesablamalıdır. Hesablanmış məbləğ hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilmiş icbari tibbi sığorta haqları barədə bəyannamə təqdim edilməlidir.

Vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri və energetik içkilər üzrə sığorta haqqı vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödənilməlidir.

İcbari tibbi sığorta qaydalarını pozmağa görə məsuliyyət

Sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması AR İqtisadiyyat Nazirliyi tərəfindən AR Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir.

Digər şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının gizlədilməsi və ya ödənilməsi müddətlərinin pozulması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Qanunvericiliyin pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər AR Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Yazı sonuncu dəfə 2023-02-14 tarixində yenilənib.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!